Oktyabrın 8-də Milli Məclis Əli Əsədovun Baş nazir təyin olunmasına razılıq verdi. Prezident İlham Əliyev isə Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı sərəncam imzaladı.
Bundan sonra Nazirlər Kabineti yeni Baş nazirlə səlahiyyətlərini icra edəcək.
Bəs Nazirlər Kabinetinin səlahiyyətləri nədən ibarətdir?
Oxu.Az mövzunun aktuallığını nəzərə alaraq Nazirlər Kabinetinin səlahiyyətlərinin nədən ibarət olduğunu araşdırmağa çalışıb.
Azərbaycan Konstitusiyasının 119-cu maddəsində Nazirlər Kabinetinin səlahiyyətləri təsbit olunub.
Belə ki, Nazirlər Kabineti Azərbaycan dövlət büdcəsinin layihəsini hazırlayıb Prezidentə təqdim edir. Bundan başqa, Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir.
Dövlət sosial təminat proqramlarının həyata keçirilməsi də Nazirlər Kabinetinin səlahiyyətlərinə daxildir.
Nazirlər Kabineti nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.
Eyni zamanda, Azərbaycan Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Nazirlər Kabinetinin statusu isə Konstitusiyanın 114-cü maddəsi ilə müəyyən edilir. Həmin maddənin birinci bəndində yazılıb ki, Azərbaycan Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır.
Konstitusiyaya görə, Nazirlər Kabineti Azərbaycan Prezidentinin yuxarı icra orqanıdır.
Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.
Konstitusiyanın 115-ci maddəsində isə bildirilib ki, Nazirlər Kabinetinin tərkibinə Azərbaycanın Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Aqşin Kərimov