Maohi Nuinin (Fransız Polineziyası) müstəqilliyi uğrunda mübarizə aparan "Tavini Huiraatira" partiyasının lideri Oskar Temaru ölkəsinin onilliklər boyu davam edən Fransa müstəmləkəçiliyinə son qoyacağını və suveren dövlət kimi tanınması istiqamətində beynəlxalq platformalarda fəaliyyətini davam etdirəcəklərini qeyd edib.
Oxu.Az-a bu barədə Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Qeyd edilib ki, Oskar Temaru Maohi Nuinin tam suverenliyi ilə bağlı bəyanat hazırlayıb. Sözügedən sənəd oktyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının Siyasi məsələlər və dekolonizasiya üzrə Dördüncü Komitəsinin iclasları çərçivəsində təqdim ediləcək:
"Temarunun fikrincə, Maohi Nuinin rəsmi Parisdən qaynaqlanan siyasi məhdudiyyətlərdən və institusional asılılıqdan çıxmasının əsas yolu xalqın öz gələcəyini sərbəst müəyyənləşdirməsi və suveren dövlət quruculuğu prosesinə başlamasıdır. O hesab edir ki, Fransanın ərazi üzərindəki nəzarəti artıq tarixi baxımdan əsassız və qanunsuz xarakter daşıyır, ərazinin dekolonizasiyası isə artıq beynəlxalq gündəlikdə yer alıb və bu proses BMT çərçivəsində davam etdirilməlidir.
Qeyd edək ki, Fransanın uzun illər ərzində göstərdiyi müqavimətə baxmayaraq, Fransız Polineziyası 2013-cü ildə BMT Baş Assambleyasının qərarı ilə yenidən özünü idarə etməyən ərazilər siyahısına daxil olunub.
Oskar Temaru məsələ ilə əlaqədar petisiyaya start verməyi planlaşdırır. Petisiyanın məqsədi Maohi Nuinin Fransa müstəmləkəsindən azad olaraq müstəqillik qazanmasının məhz əhalinin özünün siyasi iradəsi olduğunu və bu tələbin geniş xalq dəstəyinə malikliyini bütün dünyaya nümayiş etdirməkdir. Temaru bu təşəbbüs üçün seçicilərin əksəriyyətinin dəstəyini prosesin legitimliyi baxımından vacib şərt kimi qiymətləndirir.
Bu tarixi mübarizədə Bakı Təşəbbüs Qrupu (BTQ) Maohi Nui xalqının öz müqəddəratını təyinetmə hüququnu və dekolonizasiya prosesini qlobal platformalarda qətiyyətlə müdafiə edir. Tərəfdaşlığın institusional əsasını təşkil edən sənəd 26 aprel 2024-cü ildə BMT-nin Vyanadakı ofisində Bakı Təşəbbüs Qrupu ilə "Tavini Huiraatira" Partiyası arasında imzalanıb.
Fransanın uzun illər ərzində Fransız Polineziyası ərazisində apardığı nüvə sınaqlarının yerli əhaliyə vurduğu ağır tibbi və ekoloji nəticələri, o cümlədən onkoloji xəstəliklərin sürətlə yayılması və bu coğrafiyanın radioaktiv çirklənməsi Fransa müstəmləkəçiliyinin fəsadlarının bariz sübutudur".