Azərbaycan Əfqanıstan Milli Ordusuna dəstək Fonduna daha 1 milyon avro ayırır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan bu il İSAF qüvvələrinin çıxarılmasından sonra da Əfqanıstana dəstəyini davam etdirmək niyyətindədir:
“Biz əfqan ordusuna dəstək fonduna 1 milyon avro ayırmışdıq və yardımı davam etdirəcəyimizi vəd etmişdik. Bu gün mən demək istəyirəm ki, biz daha 1 milyon avro ayıraraq bunu Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəmiz sayırıq”.
Azərbaycan prezidenti NATO-nun baş katibi ilə görüşdə bölgədəki vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıqlarını söyləyib: “Bu münaqişə regional təhlükəsizlik və sabitlik üçün əsas maneədir. Münaqişə mümkün qədər qısa zamanda həll olunmalıdır. Problemin həlli beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır”.