Prezident İlham Əliyev ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelsi qəbul edib.
Oxu.Az xəbər verir ki, xanım Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı minnətdarlığını bildirib və bu tədbirin böyük önəm daşıdığını deyib.
Qonaq bu yaxınlarda qeyd olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və “Şahdəniz-2” layihəsinin rəsmi açılışı kimi çox tarixi tədbirlərdən az sonra Azərbaycana səfər etməsindən məmnunluğunu vurğulayıb. O, həmin mühüm hadisələrlə bağlı ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə təbrik məktubları göndərdiyini xatırladaraq bu münasibətlə öz təbriklərini də çatdırıb.
Prezident İlham Əliyev D. Trampın bu iki mühüm hadisə ilə bağlı göndərdiyi məktublara, orada Azərbaycan və ikitərəfli münasibətlərlə əlaqədar ifadə etdiyi xoş fikirlərə görə minnətdarlığını bildirib, bunun əlaqələrin strateji önəmini bir daha nümayiş etdirdiyini söyləyib.
O qeyd edib ki, Azərbaycan tərəfi ABŞ prezidentinin ölkəyə olan münasibətini yüksək qiymətləndirir. Eyni zamanda, dövlət başçısı Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığını deyib. O bildirib ki, Azərbaycan hər zaman müxtəlif enerji layihələri, o cümlədən böyük əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında bu dəstəyi hiss edib.
Dövlət başçısı bəyan edib ki, Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir və eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir. Bu missiyada Azərbaycan hərbçilərinin sayı artırılıb və Azərbaycan gələcəkdə də öz hərbçilərinin sayını artırmağa hazırdır.
Prezident daha sonra qeyd edib ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdükdən sonra Azərbaycan Əfqanıstana böyük önəm daşıyan logistik dəstəyi təmin edir. Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı bunu bir daha nümayiş etdirəcək və Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi işinə böyük töhfə verəcək.
Xanım Alis Uels Azərbaycan prezidenti ilə görüşün Əfqanıstana dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını deyib. O, Azərbaycanın Əfqanıstana və bu ölkənin xalqına davamlı dəstəyini və eləcə də Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında Azərbaycan hərbçilərinin sayının artırılmasının ABŞ tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
15:50
Prezident İlham Əliyev iyunun 27-də ABŞ Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə Bürosunun baş rəsmisi, xanım Elis Uelsi qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
09:12
ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək.
Oxu.Az-ın xəbərinə görə, Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.
Məlumatda bildirilir ki, iclasın kuluarlarında dövlət katibinin köməkçisinin müavini Uells Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək:
“Uells onlara Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına dəstəklərinə görə təşəkkürünü bildirəcək”.
Qeyd edək ki, Təmas Qrupunun toplantısı iyunun 28-də Bakıda keçiriləcək.