Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda referendum sentyabrın 26-na təyin edilib.
Sərəncama əsasən, Nazirlər Kabinetinə ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirtmək tapşırılıb.
Xatırladaq ki, iyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı layihəyə baxılıb. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.