Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezidentin köməkçisi şəhid ailələri, Qarabağ qaziləri və müharibə veteranları ilə görüşüb - FOTO
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərə dövlət dəstəyi xüsusi prioritet təşkil edir. Şura fəaliyyəti dövründə bu kateqoriyadan olan təşkilatların layihələrinə davamlı olaraq maliyyə ayırıb və onların bu sahədə olan təşəbbüslərini daim dəstəkləyib:
“Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin bu istiqamətdə çalışan QHT-lərlə ayrıca görüşü dövlətin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyini bir daha sübut edir”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilk olaraq ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canını fəda edən bütün şəhidlərimizi yad edib və onlara Allahdan rəhmət diləyib. Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu və bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib.
Prezident İlham Əliyevin doğum günlərini şəhid ailələri ilə keçirdiyini deyən H.Hacıyev bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib:
“Cənab İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildikdən sonra ilk fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bu şəhidlərə verilən yüksək qiymət idi. Bu fərman əsasında 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. 8018 şəhid ailəsi və müharibədə əlil olmuş şəxs mənzillərlə təmin edilib, onlara 6900 avtomobil verilib. Dövlət cari ildə 1500 şəhid ailəsi və müharibədə əlil olmuş şəxsi mənzillərlə təmin edib və edəcək. Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə isə onu vurğulamaq istəyirəm ki, bu il ümumilikdə yeddi mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək”.
Hikmət Hacıyev bildirib ki, Böyük Vətən Müharibəsi və Əfqanıstan müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər də daim ölkə başçısının diqqət mərkəzindədir.
Prezidentin köməkçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qeyd olunan kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Aprel döyüşləri şəhidlərinin ailələrinə, həmin döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin, Tovuz döyüşlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları da Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nəzarətinə götürülüb.
Hikmət Hacıyev şəhid ailələrinin, Qarabağ qazilərinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin hər zaman milli maraqlarımızı qətiyyətlə müdafiə etdiklərini və cənab Prezidentin həyata keçirdiyi siyasəti daima dəstəklədiklərini bildirərək onlara göstərdikləri dövlətçilik mövqeyinə görə təşəkkür edib.
Prezidentin köməkçisi bugünkü görüşün xüsusi əhəmiyyətinə toxunaraq QHT rəhbərlərinin fəaliyyət göstərdiyi istiqamətlər üzrə fikir və təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, "Ehtiyatda olan Zabitlərin Konfederasiyası" İctimai Birliyinin sədri Məmmədhüseyn Sarıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, "Qarabağ Azadlıq Təşkilatı" İctimai Birliyinin sədri Akif Nağı, Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin sədri Əziz Ələkbərov, “Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, "Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərova, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Səmyar Abdullayev, Azərbaycan Çernobil Əlillər İttifaqının sədri Mirhəsən Həsənov, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, “Dünya Azərbaycanlılarının Vətənpərvərlər” İctimai Birliyinin sədri Nəsimi Həsənov, “Qürur” şəhid ailələri xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə, “İstedadlı Əlillər” İctimai Birliyi sədri Cavad Qasımov, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması” İctimai Birliyinin sədri Maral Zamanova, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Azərbaycan Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Dadaş Quliyev və "Veteran Tankçılar" İctimai Birliyinin sədri Hacıbala Əzimov çıxış edərək Prezident İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahə ilə bağlı fikir və təkliflərini səsləndirərək Hikmət Hacıyevin iştirakı ilə keçirilən QHT-hökumət dialoqunu yüksək qiymətləndiriblər.
Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev görüşdə fəal iştirak edən və müxtəlif təkliflər səsləndirən QHT rəhbərlərinə təşəkkür edərək bildirdi ki, onların fikir və təklifləri diqqətlə araşdırılacaq və imkan daxilində nəzərə alınacaq.
Bununla yanaşı, Prezidentin köməkçisi onu da xüsusi olaraq vurğulayıb ki, şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lər ölkəmizin milli maraqlarının qorunmasında, vətəndaş həmrəyliyinin və hərbi vətənpərvərliyin gücləndirilməsində, cəmiyyətin ümummilli maraqlar ətrafında birləşməsində, ölkəmizə qarşı yönələn təhdid və təxribatların qarşısının alınmasında və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə effektiv şəkildə çatdırılmasında daha fəal olmalı və bu işdə bütün potensiallarını səfərbər etməlidirlər.
Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.
"Əfqanıstan" teqi üzrə xəbərlər
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
- Əfqanıstanda dəhşətli yol-nəqliyyat hadisəsi 52 nəfərin həyatına son qoyub
- Əfqanıstanda mədən uçqunu: Onlarla insan yerin altında qalıb
- Əfqanıstanda törədilən partlayış nəticəsində "Taliban" hökumətinin naziri ölüb
- "Taliban" Bəşər Əsədin hakimiyyətdən getməsi ilə əlaqədar Suriya xalqını təbrik edib