Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qafqazda yeni cəbhə aşiqləri - "Niderland və Fransa Azərbaycana nəsə deyə biləcək ən son ölkələrdir"
Niderland hökumətinin saytında dərc edilmiş xarici siyasət proqramında Qarabağın adı "Dağlıq Qarabağ"a dəyişdirilərək "ələ keçirilmiş region" kimi təqdim edilib.
Azərbaycana qarşı bu cür qərəzli addımların səbəbləri haqqında Oxu.Az-a danışan Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay Qərbin hər şeydən əvvəl öz kirli müstəmləkəçilik tarixlərinə baxmalı olduğunu bildirib:
"Niderland və Fransa kimi ölkələrin Ermənistana dəstəklərinin əsas səbəbi Ukrayna məsələsinə görə Avropa İttifaqının Rusiyaya qarşı Cənubi Qafqazda yeni cəbhə açması məqsədinə xidmət etməkdir. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin son səfərindən sonra Aİ ölkələrindən Ermənistana dəstək və Azərbaycan əleyhinə addımlar açıq şəkildə artmağa başladı. Almaniya Kansleri Olaf Şoltsun Qazaxıstan və Özbəkistan səfərini də Niderlandın son addımı baxımından nəzərdən keçirsək, Aİ-nin enerji məsələsində Rusiyadan asılı qalmaq istəmədiyini görərik. Ona görə də Moskvanın Kiyev üzərindən diqqətini yayındırmaq üçün İrəvana diqqətlərini artırıblar.
Qarabağ məsələsinə gəldikdə isə, Niderland və Fransa bu, eyni zamanda, insan hüquqları ilə bağlı Azərbaycana söz deyə biləcək ən son ölkələrdir. Onlar Azərbaycana "dərs keçmək" yerinə, birinci güzgüdə özlərinə baxsınlar. Günahsız insanları soyqırımına məruz qoyanlar heç bir halda Azərbaycana dərs keçə bilməzlər.
BMT-nin müvafiq missiyası iki dəfə Qarabağda olub. Onlar öz hesabatlarında Qarabağdakı ermənilərin öz istəkləri ilə oradan köçdüklərini, heç bir soyqırımı və qətliam aktının olmadığını qeyd ediblər. Fransa iki dəfə BMT Təhlükəsizlik Şurasında rəzil oldu. İndi Niderland hansı haqla dünyanın ən böyük təşkilatı olan BMT hesabatını heçə sayır? Azərbaycanda "Dağlıq Qarabağ" adlı yer yoxdur, Qarabağ var. Qarabağ Azərbaycanın torpağıdır və rəsmi Bakı onu BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şəkildə Ermənistanın işğalından azad edib. Axı bunlar hansı haqla Qarabağı "ələ keçirilmiş ərazi" kimi öz proqramlarına daxil ediblər? Yoxsa Niderlandın hansısa fövqəladə statusu var, biz bilmirik?
Azərbaycan Xarici İşlər Nazirliyi də Niderlanda yerində və dəqiq cavab verib. Bu günə qədər bir dəfə gəlib Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə maraqlanıblarmı? - Əlbəttə ki, yox!"
Professor Azərbaycana qarşı atılan haqsız addımların heç birinin cavabsız qalmayacağını vurğulayıb:
"Ermənistan fərqli bəhanələrlə sülh müqaviləsinin imzalanmasını ləngidir. Bunu fürsət bilənlər vəziyyətdən Azərbaycan, Türkiyə və Rusiyaya qarşı istifadə edirlər. Ancaq hamı hər şeyi görür və öz qeydlərini aparır. Türkiyə və Azərbaycan gedən oyunların pərdəarxası səbəblərini görəcək dövlət təcrübəsinə malikdirlər və bunlara layiqli cavab vermək gücündədirlər. Səbrimizi sınayanlar üzləşə biləcəkləri ağır nəticələri də unutmamalıdırlar. Ermənistan isə çarəni Qərbin paytaxtlarında yox, regionda axtarmalıdır. Çünki birgə yaşamağın düsturu yalnız budur. Mütləq şəkildə Azərbaycanın milli təhlükəsizlik maraqları nəzərə alınmalı, şərtləri qəbul olunmalı və sülh müqaviləsi imzalanmalıdır".
Söhrab İsmayıl
"Niderland" teqi üzrə xəbərlər
- Niderlandda polis narkotikdən hazırlanmış heykəl tapdı
- Niderland seçməsi Bosniya və Herseqovina ilə görüşə itkilərlə çıxacaq
- Niderlandda İsrail əleyhinə aksiyalar iğtişaşlara çevrildi
- UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yayıb
- Amsterdamda israilli azarkeşlərə qarşı dəhşətli hücum: Onlarla saxlanılan var