Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı BƏYANAT YAYIB
"Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azərbaycan xalqının dəyərlərinin və amallarının ifadəçisi olan üçrəngli bayrağımız dövlətimizin inkişafı, təhlükəsizliyi və müstəqilliyinin mayakı, xalqımız gələcəyə inamla addımlamasına yol göstərən işıqdır".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib və Ali Məclisin təqdimatı əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının parlamenti onu Dövlət Bayrağı elan edib.
"Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs milli rəmz kimi Dövlət Bayrağının təbliği yolunda sistemli addımlar atılıb və atılmaqdadır. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlət başçısının 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq, 2010-cu ildə açılmış Dövlət Bayrağı Meydanı və orada yaradılmış Dövlət Bayrağı Muzeyi milli rəmzlərimizin təbliğ olunmasında xüsusi yer tutur.
Təkcə bir simvol deyil, xalqımızın azadlıq, birlik və iradəsini əks etdirən müqəddəs bir dəyər kimi üçrəngli bayrağımıza xalqımızın ehtiramı ən yüksək səviyyədədir. Şübhəsiz ki, Dövlət Bayrağına ehtiramın ən ali ifadəsi xalqımızın həmin bayraq altında müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi olub.
Xatırladaq ki, Prezidentimiz 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında etdiyi tarixi çıxışında bildirmişdi:
"Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq".
Artıq Dövlət Bayrağımız Şuşa, Xocalı, Xankəndi daxil olmaqla ölkəmizin hər bir guşəsində məğrurluqla dalğalanır.
Ölkə rəhbəri Dövlət Bayrağı Meydanında aparılmış yenidənqurma və bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlamış meydanı ziyarət edib və oradakı Dövlət Bayrağı Muzeyində Azərbaycanın tarixi bayraqlarına, o cümlədən, İrəvan xanlığının bayrağına ehtiramla baxış keçirib.
Ermənistan hökumətinin apardığı etnik təmizləmə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması olaraq, bizim sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququmuza verdiyi birmənalı dəstəyə və Azərbaycan xalqının tarixi simvollarına göstərdiyi ehtirama görə Prezident İlham Əliyevə dərindən təşəkkür edirik", - deyə bəyanatda qeyd olunub.
"9 Noyabr - Dövlət Bayrağı Günü" teqi üzrə xəbərlər
- Peter Mixalko Azərbaycanı təbrik etdi
- Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: "Çox həyəcan keçirirdim"
- Rəcəb Tayyib Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
- İsrail səfirliyi Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
- Pakistanlı dərzi: "Əl işlərimin azad olunan torpaqlara çatdığını eşidəndə sevincimdən ağladım"