Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlılar Türkiyə ilə sərhəddə mitinq keçirirdilər"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi tibb elmləri doktoru, professor, Əməkdar həkim Kamran Musayev olub.
O, Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndindən söhbət açıb. Bildirib ki, 15 yaşı tamam olana kimi bu kənddə yaşayıb, 8-ci sinfi bitirdikdən sonra isə Bakıya gələrək təhsilini burada davam etdirib, ali məktəbə qəbul olub. K.Musayev bu gün Göllünün, o cümlədən yaşayış məntəqəsindəki maddi-mədəniyyət abidələrinin, mənəvi irsin erməni vandalizminə məruz qaldığını dilə gətirib.
Əməkdar həkim qeyd edib ki, hələ Sovet İttifaqı dövründə Amasiya rayonunda, həmçinin Gümrü şəhərində yaşayan azərbaycanlılar daim ermənilərin təqibləri, ayrı-seçkilikləri ilə üzləşiblər. 1980-ci illərin sonlarına doğru bu yanaşma daha da kəskinləşib. Rayon və şəhər mərkəzinə gedən azərbaycanlılar döyülüb, ən müxtəlif fiziki-mənəvi zorakılıqlara məruz qalıblar. Hətta cəzasızlıq mühitindən sui-istifadə edən erməni silahlı dəstələri azərbaycanlılar yaşayan kəndlərə basqın ediblər.
Professorun sözlərinə görə, vəziyyətin getdikcə daha da mürəkkəbləşdiyini görən soydaşlarımız Türkiyə ilə sərhəddə mitinqlər keçirib, qardaş ölkədən kömək istəyiblər. Çünki SSRİ rəhbərliyi bütün bu proseslərdə ədalətli mövqe sərgiləməyib, azərbaycanlılara qarşı Ermənistanın etnik təmizləmə siyasətinə göz yumub. Nəticədə 1987-1991-ci illər ərzində 300 mindən artıq soydaşımız kimi, amasiyalılar, o cümlədən Göllü sakinləri də öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıblar. İndiyə qədər də Qərbi Azərbaycanın tarixi sakinləri öz el-obasına, doğmalarının uyuduğu torpaqlara həsrət qalıblar.
Tibbdə erməni xəstəliyinin müalicəsinin olmadığını diqqətə çatdıran Əməkdar həkim vurğulayıb ki, istər 1948-1953-cü illərin, istərsə də 1987-1991-ci illərin deportasiyasında öz ev-eşiyini, tarixən yaşadığı coğrafiyanı tərk edən soydaşlarımız məskunlaşdıqları aran zonasında iqlim dəyişikliyinə məruz qalıblar. Bu dəyişiklik onların sağlamlığına ciddi təsir edib, hətta kütləvi ölümünə səbəb olub.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini xatırladan professor deyib ki, bu hadisə nəticəsində qalib xalqa çevrilməyi, qamətimizi düzəltməyi bacarmışıq. Alimin sözlərinə görə, hazırda qarşıda duran əsas strateji hədəf Qərbi Azərbaycana qayıdışdır. K.Musayev əminliklə söyləyib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu hədəfə də tezliklə çatacağımız şübhə doğurmur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Qərbi Azərbaycanda 300-dən artıq türk-xristian məbədi erməniləşdirilib"
- Qərbi Azərbaycan Xronikası: "Erməni təcavüzü yeniyetmə və gəncliyimi əlimdən alıb"
- Xronika: "Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar"
- Qərbi Azərbaycan Xronikası: Alagöz - türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Köç karvanlarının qarşısını kəsir, əhalini incidirdilər"