Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə olub.
Professor Bünyadzadə ata-baba yurdu olan Göyçə mahalından, Kəsəmən, Qanlı, Zod, Sədənağac kəndlərindən, orada yaşayan insanların həyat tərzindən və qayğılarından danışıb. Uşaqlıq xatirələrinin Kəsəmən kəndi ilə daha çox bağlı olduğunu vurğulayan alim, bu yaşayış məntəqəsini tez-tez yuxularında gördüyünü bildirib. O, ümumilikdə Qərbi Azərbaycanda, xüsusən də Göyçə mahalında təhsilə və elmə böyük marağın olduğunu qeyd edib. Təəssüflə bildirib ki, bu maraq müqabilində erməni rəhbərlik ali təhsilli azərbaycanlı kadrların işlə təmin olunmasına şərait yaratmayıb. Nəticədə, azərbaycanlı gənclər doğma el-obanı tərk etmək məcburiyyətində qalıblar. Bu isə Qərbi Azərbaycanda soydaşlarımızın, xüsusən də rəhbər vəzifədə təmsil olunan azərbaycanlıların sayının tədricən azalmasına səbəb olub.
Professorun sözlərinə görə, bu, erməni millətçiləri tərəfindən məqsədli şəkildə həyata keçirilmiş bir siyasət olub. Hətta ermənilər azərbaycanlılara ərə getmiş qızlarını övladlıqdan çıxarıblar, bu da azərbaycanlılara qarşı ayrı-seçkilik və diskriminasiyanı nümayiş etdirib. O, tarixən soydaşlarımızın yaşadığı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və tarixi abidələrin ermənilər tərəfindən saxtalaşdırılmasının da bu siyasətlə əlaqəli olduğunu dilə gətirib. Məsələn, Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilib, bununla da ermənilər tarixi izləri silməyə çalışıblar.
Professor K.Bünyadzadə ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyalara da diqqət çəkib. Valideynlərinin söylədiklərinə istinadən, ermənilərin Basarkeçərdə azərbaycanlıları tövlələrə salıb qəddarlıqla qətlə yetirdiklərini qeyd edib. O illərdə erməni vəhşiliyinin qurbanı olan günahsız azərbaycanlıların meyitlərinin qalıqları sonrakı dövrlərdə müxtəlif yaşayış məntəqələrində aparılan qazıntılarda kütləvi məzarlıq şəklində üzə çıxıb.
Ata-babasının 1948-1953-cü illərdə, yaxın qohumlarının isə 1988-ci ildən deportasiyaya məruz qaldığını xatırladan alim, həmin dövrlərdə Qərbi Azərbaycandakı soydaşlarımızın böyük faciələrə, fiziki və mənəvi işgəncələrə məruz qaldıqlarını bildirib. O, 1988-ci il hadisələri ərəfəsində Zod qızıl mədənində işləyən azərbaycanlılara qarşı qəsd edildiyini və bunun bədbəxt hadisə kimi təqdim edildiyini vurğulayıb. Köç prosesində isə azərbaycanlılara məxsus maşın karvanlarına hücumlar təşkil edilib.
AMEA-nın müxbir üzvü K.Bünyadzadə Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin erməni vandalları tərəfindən məhv edildiyinə xüsusi diqqət çəkib. O, hayların mədəniyyətimizə qarşı törətdiyi soyqırımı elmi əsərlərlə dünya ictimaiyyətinə çatdırmaq istəyir. Alim sonda vurğulayıb ki, əgər azərbaycanlılar didərgin düşdükləri Qarabağa otuz ildən sonra qayıda biliblərsə, gələcəkdə Qərbi Azərbaycana da qayıdacaqlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Qərbi Azərbaycan Xronikası: "Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilmişdi"