Rusiya-Ukrayna müharibəsi başlayandan bəri tərəflər paralel şəkildə bir-birini sülhə mane olmaqda ittiham edirlər. Bəs, bu qarşılıqlı ittihamları şərtləndirən amillər nələrdir, iddiaların arxasında hansı məqamlar dayanır? Müharibənin dayandırılması ilə bağlı Moskva və Kiyevin mövqeləri nə dərəcədə uzlaşır, tərəflər hansı şərtləri irəli sürürlər? Sülhə nail olmağa mane olan əsas məqamlar hansılardır?
Oxu.Az mövzunu yerli və xarici ekspertlərlə araşdırıb.
Ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, savaşın bitməsini hansı tərəfin istəmədiyi göz önündədir:

"Müharibənin bitməsini şəhərləri dağıdılan, əraziləri zəbt edilən Ukrayna istəmir, yoxsa bu ölkəyə hücum edən Rusiya? Ukraynada seçkilərin keçirilməsi ilə bağlı Volodimir Zelenskinin mövqeyinə münasibət bildirilərkən seçkilərin təşkili üçün döyüş meydanında ən azı 60 günlük tam sakitliyin və atəşkəsin təmin olunmasının vacibliyi vurğulanıb. Lakin Ukraynaya yalnız seçki günü tam sakitliyin təmin ediləcəyi bildirilib. Bu isə Kremlin müharibənin başa çatmasında maraqlı olmadığını göstərir".
"Əgər Rusiya döyüş meydanında məğlubiyyətə uğramasa, müharibə Rusiya NATO-nun sərhədlərinə çatana qədər davam edəcək. NATO-nun şərq sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında isə Ukrayna mühüm rol oynayır. Rusiya ilə birbaşa həmsərhəd olmayan ölkələr, eləcə də Baltikyanı region, Finlandiya və İsveç bu təhlükələri daha idarəolunan hesab edə bilərlər. Lakin Ukraynada müharibə uzandıqca, Putinin Qara dənizdə, Bolqarıstan və Rumıniya istiqamətində, eləcə də Baltikyanı bölgədə və Avropa İttifaqı ərazisində təxribat xarakterli addımları ilə bağlı narahatlıqlar artır. Bütün bunlar onu göstərir ki, Rusiyanın məqsədi müharibəni dayandırmaq deyil, Avropaya qarşı təzyiqini genişləndirməkdir", - deyə analitik vurğulayıb.
Rusiyalı politoloq Boqdan Bezpalkonun sözlərinə görə, Kiyev və Moskva arasında təhlükəsizlik məsələlərinin tənzimlənməsi ilə bağlı müəyyən ortaq yanaşma mövcud idi:

"Söhbət 2022-ci ilin martında İstanbulda keçirilən danışıqlardan gedir. Həmin vaxt tərəflər təhlükəsizlik təminatları və münaqişənin nizamlanması ilə bağlı müəyyən razılaşmalara yaxınlaşmışdılar. Lakin müharibənin beşinci ilində tərəflərin mövqeləri həm mövcud itkilər, həm də münaqişənin miqyasının genişlənməsi, o cümlədən Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələr fonunda daha da sərtləşib. Mövcud vəziyyət tərəflərin kompromisə gəlməsini xeyli çətinləşdirir. Bununla belə, mümkün kompromis variantlarından biri Ukraynanın ərazi məsələsində müəyyən güzəştlərə getməsi ola bilər. Bu ehtimal ABŞ-nin münaqişədən uzaqlaşmaq istəyi və Avropa ölkələrinin Ukraynanın maliyyələşdirilməsinə ayırdıqları resursların tədricən tükənməsi fonunda daha çox müzakirə olunur. Rusiya ilə qarşıdurma Avropanın iqtisadiyyatına da ciddi təsir göstərir".
"Bu baxımdan, hazırda tərəflər arasında kompromisə dair danışıqların aparılması və Ukraynanın mövqeyinin müəyyən güzəştlər əsasında formalaşdırılması ehtimalı yüksək qiymətləndirilə bilər. Ən mübahisəli məsələlərdən biri isə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşnerin də diqqət çəkdiyi ərazi problemidir. Aydındır ki, Ukraynanın heç bir prezidenti ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərindən rəsmi şəkildə imtina edilməsini nəzərdə tutan sənədi imzalamağa asanlıqla razılaşmayacaq", - analitik vurğulayıb.
Onun sözlərinə görə, tərəflərin mövqeləri bəzi məsələlərdə, xüsusilə sülhə nail olmaq zərurəti baxımından üst-üstə düşsə də, bunun hansı şərtlərlə və hansı prinsiplər əsasında təmin olunması ilə bağlı yanaşmaları fərqlidir:
"Ukrayna üçün əsas prioritet iqtisadi sabitliyin təmin edilməsi, dövlətçiliyin və dövlət institutlarının qorunması, müharibədən sonra ölkənin bərpası, ixracın yenidən canlandırılması və gələcək təhlükəsizlik təhdidlərinə hazırlaşmaqdır. Rusiya isə Avropada yeni təhlükəsizlik sisteminin formalaşdırılmasını, NATO, Avropa İttifaqı və ABŞ ilə münasibətlərin yeni prinsiplər əsasında qurulmasını istəyir. Bu çərçivədə alyansın şərqə doğru genişlənməsi, Şərqi Avropada hərbi obyektlərin yerləşdirilməsi, o cümlədən Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələlər Moskvanın əsas tələbləri sırasında yer alır. Birbaşa Ukrayna ilə bağlı məsələlərə gəldikdə isə Rusiya Donetsk və Luqansk əraziləri üzərində nəzarətinin tanınmasını, eləcə də Krımın Rusiya ərazisi kimi həm de-fakto, həm də de-yure qəbul edilməsini istəyir. Beləliklə, hər iki tərəf sülhə nail olmaq niyyətini ifadə etsə də, bu məqsədə hansı şərtlərlə çatmaq məsələsində ciddi fikir ayrılıqları qalır. Məhz fərqli prioritetlər və qarşılıqlı qəbuledilməz tələblər münaqişənin davam etməsinə və danışıqlar prosesinin mürəkkəbləşməsinə səbəb olur".
Politoloq Aytən Qurbanova isə hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin niyə başa çatmadığı və tərəflərdən hansının sülhə mane olduğu məsələsi hazırda beynəlxalq gündəmin əsas müzakirə mövzularından biridir:

"Baxmayaraq ki, həm Moskva, həm də Kiyev müharibənin dayandırılmasının vacibliyindən danışır, lakin onların sülhün şərtləri ilə bağlı mövqeləri ciddi şəkildə fərqlənir. Burada əsas problem sülhün arzu olunub-olunmaması deyil, onun hansı şərtlərlə əldə ediləcəyi və bu şərtlərin tərəflərin strateji maraqlarına nə dərəcədə uyğun gəlməsidir. Rusiyanın mövqeyinə nəzər saldıqda görürük ki, Moskva danışıqlara hazır olduğunu bəyan etsə də, döyüşlərin danışıqlar müddətində dayandırılmasını qəbul etmir. Rusiya tərəfi bunu davamlı və təhlükəsiz sülhün təmin edilməsi ilə əsaslandırır. Ancaq Ukraynanın əraziləri ilə bağlı tələblər və Moskvanın hərbi əməliyyatları dayandırmadan danışıqlar aparmaq istəyi Rusiyanın sülhə nə dərəcədə hazır olduğu barədə ciddi suallar yaradır. Son zamanlarda Rusiya rəsmilərinin açıqlamaları da göstərirdi ki, Moskva üçün əsas məsələ yalnız atəşkəs deyil, müharibədən sonrakı siyasi və təhlükəsizlik nizamının öz maraqlarına uyğun formalaşdırılmasıdır. Ukraynanın mövqeyi isə ölkənin ərazi bütövlüyünün qorunması, təhlükəsizlik təminatlarının əldə olunması və gələcəkdə Rusiyanın yeni hərbi müdaxiləsinin qarşısının alınması üzərində qurulub. Kiyev üçün atəşkəs yalnız döyüşlərin müvəqqəti dayanması deyil, yeni müharibə riskini azaldan mexanizmlərlə müşayiət olunmalıdır".
"Digər tərəfdən isə Ukraynanın irəli sürdüyü şərtlərin həyata keçirilməsinin siyasi və hərbi nöqteyi-nəzərdən nə dərəcədə mümkün olması ayrıca müzakirə mövzusudur. Əsas məsələ budur ki, Ukraynadan ərazi güzəştləri tələb etmək onun təhlükəsizlik narahatlıqlarını birbaşa aradan qaldırmır. ABŞ-nin vasitəçilik səyləri də müharibənin başa çatmasında mühüm rol oynayır. Vaşinqton diplomatik razılaşma əldə etməyə çalışsa da, bu prosesdə öz iqtisadi və siyasi maraqlarını daha çox nəzərə alır. Oktyabr ayında Rusiyadan dizel yanacağının alınması ilə bağlı razılaşmanın sülh danışıqlarını canlandırmaq vasitəsi kimi təqdim edilməsi mübahisələrə səbəb olub. Ukrayna və bəzi ABŞ siyasətçiləri belə addımların Moskvaya əlavə iqtisadi imkanlar yarada biləcəyindən narahatdırlar. Deməli, vasitəçilik prosesinin uğuru yalnlz tərəfləri masa arxasına gətirməkdən deyil, onlardan qarşılıqlı və nəzarət edilə bilən öhdəliklər almaqdan asılıdır. Belə olan halda qarşılıqlı ittihamlarda kim haqlıdır sualına yalnız tərəflərin bəyanatlarına əsaslanaraq cavab vermək düzgün olmaz", - müsahibimiz vurğulayıb.
Onun sözlərinə görə, atəşkəsin pozulması ilə bağlı hər bir iddia konkret faktlar və hadisələrin ardıcıllığı əsasında qiymətləndirilməlidir:
"Həmçinin müharibənin başlanğıcı ilə bağlı hüquqi-siyasi məsuliyyəti də sonrakı qarşılıqlı ittihamlarla eyniləşdirmək olmaz. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulması kimi qiymətləndirilib. Bu fundamental fakt sonrakı hadisələrin təhlilində nəzərə alınmalıdır. Ona görə də, müharibənin uzanmasını yalnız bir tərəfin istəyi ilə izah etmək mümkün deyil. Burada hərbi vəziyyət, ərazi məsələləri, təhlükəsizlik təminatları, daxili siyasi hesablamalar və böyük güclər arasındakı rəqabət bir-biri ilə əlaqəlidir. Tərəflərdən hər biri danışıqlarda daha əlverişli mövqedən çıxış etmək istəyir.
Lakin bu strategiya döyüşlərin davam etməsinə, insan tələfatının artmasına və regional təhlükəsizliyin daha da zəifləməsinə gətirib çıxarır. Nəticə etibarilə, müharibənin bitməsini kimin istəmədiyini müəyyənləşdirmək üçün bəyanatlardan daha çox real addımlara baxmaq lazımdır. Tərəflər atəşkəsə razıdırmı, razılaşmalara əməl edirmi, ərazi və təhlükəsizlik məsələlərində hansı kompromislərə hazırdır və əldə olunan razılaşmaların icrasına hansı təminatlar verir belə ki, davamlı sülh bir tərəfin digərinə diktə etdiyi şərtlər əsasında deyil, beynəlxalq hüququ, dövlətlərin suverenliyini və təhlükəsizlik maraqlarını nəzərə alan, icrası təmin edilən razılaşma əsasında mümkün ola bilər. Əks halda, müvəqqəti atəşkəs belə müharibənin növbəti mərhələsinə hazırlıq fasiləsinə çevrilə bilər".