"D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təklifi son illərdə D-8 çərçivəsində həyata keçirilən gələcəyə yönəlmiş təşəbbüslərdən biridir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu D-8 təşkilatının baş katibi Sohail Mahmud mərkəzin strategiyasının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, bu mərkəz ölkələr arasında əlaqələri daha da genişləndiriləcək:
"D-8 üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi uzaqgörən rəhbərliyə, eləcə də qətiyyətli dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təklifi son illərdə D-8 çərçivəsində həyata keçirilən gələcəyə yönəlmiş təşəbbüslərdən biridir. Bu mərkəzlər yaradıldıqdan sonra D-8-in institusional strukturunu daha da gücləndirəcək və informasiya, enerji, ətraf mühit və nəqliyyat kimi mühüm sahələrdə üzv dövlətlər arasında praktiki əməkdaşlığı intensivləşdirəcək".
O əlavə edib ki, bugünkü media mühiti bir sıra güclü dinamikalardan ciddi şəkildə təsirlənir:
"Geosiyasi təlatümlərdən tutmuş texnoloji tərəqqiyə qədər, yenilikçi ideyalardan tutmuş zərərli təcrübələrə qədər. Biz bu mühitin süni intellekt, rəqəmsal transformasiya, transsərhəd informasiya axınları, kibertəhlükəsizlik çağırışları, dezinformasiya və yalan məlumatların sürətlə yayılması, eləcə də nifrət nitqi tərəfindən daim yenidən formalaşdırıldığını görürük. Baş verən transformasiyalara uyğunlaşmaq və geniş yayılmış mənfi meyillərə qarşı mübarizə aparmaq daha güclü beynəlxalq əməkdaşlıq, yüksək peşəkar potensial və etibarlı institusional tərəfdaşlıq tələb edir".