Oxu.Az-ın suallarını politoloq Vəfa Quluzadə cavablandırdı:
- Vəfa müəllim, rus politoloqu Stanislav Belkovskinin Ukraynadan sonra Putinin Dağlıq Qarabağ məsələsi ilə məşğul olacağı, daha doğrusu, onu Rusiyanın tərkibinə daxil etməsinə çalışacağı barədə fikirlərinə münasibətinizi bilmək istərdik.
- Mən onu tanıyıram. O, Kremlin siyasətini pisləyən, ümumilikdə demokratik nəzər nöqtəsi olan müxalifətçidir. Belkovskinin bu bəyanatı Rusiya İmperiyasının məğzinin dəyişmədiyindən irəli gəlir.
Rusiya daima aqressiv ekspansionist imperiya olub. Belə olduğu halda o, qonşularının torpaqlarını işğal edərək ərazisini genişləndirib. RF-nin və SSRİ tərkibindən çıxan 14 respublikanın tərkibinə baxın. Bu, Rusiya İmperiyası tərəfindən işğal və təhkim edilmiş millətlər idi.
Rusiya Gürcüstana qarşı açıq aqressiya tətbiq etdikdən sonra Belkovskinin Rusiyanın bu addımı Azərbaycana, Moldovaya, Pribaltikaya qarşı da atacağından qorxmağa əsası var. Mən onu anlayıram. Amma hesab edirəm ki, o yanılır.
Əsas məsələ: Nəyə görə Rusiyanın müstəqil dövlətə anneksiya, aqressiya tətbiq etməyi qərara almasındadır. O bu yola Ukraynada tamamən məğlub olduqdan sonra əl atdı. Cinayətkar keçmişi olan Yanukoviçi hakimiyyət başına qoymağa nail olduqdan sonra, Ukrayna tamamən Rusiya tərəfindən idarə olunurdu.
Amma bu, uzun sürmədi – qərbyönümlü qüvvələr onu devirdilər və Yanukoviç qaçdı. Ukraynaya öz ölkəsinin gələcəyini Rusiya ilə deyil, Avropa İttifaqında görən qərbyönümlü insanlar gəldi. Bu isə Putini iri geopolitik məğlubiyyətə uğratdı.
Belə şəraitdə Rusiya dağılan və süquta uğrayan imperiyanın məyusluğundan doğan aqressiya aktına əl atdı. Putinin Gömrük İttifaqının hesabına Avroasiya SSRİ-yə bənzər dövlət yaratmaq arzusuna zərbə vurulub.
Bununla yanaşı, Rusiyanın iqtisadiyyatının nə vəziyyətdə olmasına nəzər salın. Ukraynaya qarşı aqressiyaya qədər o artıq dağılır, bu addımdan sonra isə proses daha sürətlə davam etdi. Rusiyanın 1920-ci ildə olduğu kimi bütün qonşu ölkələri işğal etmək imkanına malik olacağına inanmıram. Ona görə də dostum Stanislav Belkovskiyə Rusiyanın indiki vəziyyəti barədə düşünməyi təklif edərdim. O ki bunu bilir. O, Putinin Ukraynaya hücumu ilə öz ölüm hökmünü imzaladığını deyən adamdır.
Fikirləşmirəm ki, Rusiyanın Azərbaycanı, Mərkəzi Asiya ölkələrini və s. işğal etmə imkanı olacaq. Mən buna inanmıram. Onun belə qüdrəti yoxdur. Ukrayna böhranı nəticəsində RF özü dağıla bilər. Bu, mənim fikrimdir.
- Ümumiyyətlə, son zamanlar Rusiyanın ekspert cəmiyyətində keçmiş sovet respublikalarına, o cümlədən Cənubi Qafqaza da iddiaları barədə eşitmək mümkündür. Bu yaxınlarda məşhur politoloq Dugin də buna bənzər bəyanatla çıxış edib. Bu bəyanatlar rəsmi Moskvanın mövqeyini əks etdirirmi?
- Bu, rəsmi Moskvanın arzularını əks etdirir. Amma Sovet İttifaqını bərpa etməyə qüvvəsi olduğuna inanmıram. Əgər qüvvəsi olsaydı, Rusiya mütləq bunu edərdi. Amma belə qüvvəsi yoxdur.
Mən televiziyada Rusiya qoşunlarının Ukrayna sərhədləri boyunca gəzməyinə baxıram və onları NATO qoşunları və əsgərləri ilə müqayisə edirəm. Yerdən göyə qədər fərq var. Texniki təchizata görə. Mənim hətta rus əsgərinə yazığım gəlir. Onun kamuflyaj və əlində kalaşnikov avtomatı ilə çox zavallı bir görkəmi var.
- Formalaşmış neqativ təcrübəyə görə, adətən Rusiyanın yad əraziyə göz dikməsi yerli əhaliyə kütləvi şəkildə Rusiya vətəndaşlığının paylanması ilə başlayır. Rusiyanın digər ölkələrin vətəndaşlarına Rusiya pasportalarının verilməsi prosedurunun şərtlərinin sadələşdirilməsi barədə verilən sərəncamdan sonra bu Cənubi Qafqaz və Azərbaycanla bağlı məsələdə nə qədər təhlükəlidir?
- Əgər Cənubi Qafqaz və ya başqa bir yerdə amerikan pasportları paylanılsaydı, onu hamı alardı. Amma Rusiya pasportlarına heç kim göz dikməyəcək. Rusiya məmurları öz arvadlarını doğuş üçün Amerikaya göndərirlər ki, doğulan uşaq Amerika vətəndaşlığı alsın. Bu tendensiya Rusiyada kütləvi xarakter alıb.
Mən bunu bilirəm, çünki Rusiyada qohumlarım və dostlarım var. Bilirəm ki, kimsə hamilə qaldımı, o dəqiqə təyyarəyə oturur və ştatalarda düşür. Amerikan doğum evində uşaq dünyaya gətirir və amerikan vətəndaşlığı alırlar. Bax, Rusiyada belə bir tendensiya var.