Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xronika: "Sərhədçilərə dedik ki, ermənilər klubda bizi öldürmək üçün plan qururlar"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Sovet hökuməti qurulandan sonra əhalinin yarısı Türkiyədə qaldı" adlı veriliş Sərdarabad mahalının Sərdarabad rayonunun Baxçalar kənd sakini İlham Ələşrəfovun həyat hekayəsinə həsr olunub.
O, 1965-ci ildə doğulduğunu, uşaqlıq xatirələrinin zəngin olduğunu, erməni uşaqlarla birgə orta məktəbə getdiyini söyləyib: "Uşaqlıqda bulaqlardan su gətirərdik, meyvə toplayar, oyunlar oynayardıq. Ermənilər Novruz bayramında bizi təbrik etməyə gəlirdilər, nemətlərlə dolu masamızı görüb həsəd aparırdılar. Amma bizə qarşı həmişə ayrı-seçkilik ediblər".
Türkiyə ilə sərhəddə yaşadıqlarını və evlərindən sərhədin o tərəfini gördüklərini deyən Baxçalar kənd sakini deportasiya zamanı yaşadıqları çətinliklərdən danışıb: "1988-ci ilin mart ayının 18-i idi. Novruz bayramına hazırlıqlar gedirdi. Bizə qarşı ermənilərin münasibəti tam dəyişmişdi. İnsanlar qorxu içində idilər. Axşam çağı ermənilər kluba yığışıb plan qururdular ki, gəlib ev-ev insanları öldürsünlər, təzyiq etsinlər və biz sərhədə tərəf qaçaq, orada bizi sərhədçilər vursunlar. Bizə məlumat gələn kimi, gecəyarısı ailələrimizi götürüb Zəngibasar rayonunun Zəngilər kəndinə getdik. Gedəndə sərhədçilərə dedik ki, ermənilər kənd klubunda yığışıb bizi öldürmək üçün plan qururlar. Sərhədçilər gedib onları orada tutmuşdular. Biz bir gecə Zəngilərdə qaldıqdan sonra hər evdən iki kişi geri qayıtdıq. Orada əşyalarımızı çıxarmağa qoymadılar, evlərimiz, hər şey ermənilərə qaldı və biz çətinliklə Azərbaycana gəldik".
İ.Ələşrəfov erməni vəhşiliyindən də söz açıb: "Nənəm deyirdi ki, hələ 1915, 1918-ci illərdə ermənilər qayaların başına çıxıb kəndi atəşə tuturdular. Camaat qaçıb Türkiyə tərəfə gedirdi və kənd boşalırdı. Ermənilər gəlib kəndi talan edirdilər. Sonra Türkiyədən qoşun gəlib erməniləri qovur və biz yenidən kəndə qayıdırdıq".
Onun sözlərinə görə, yurd həsrəti, Vətən sevgisi onları yenidən doğma yurda qayıtmağa səsləyir: "Əlbəttə, nənəmgilin Vətən sevgisi bizim də ürəyimizdədir, Vətən həsrəti ilə biz də yaşayırıq. Uşaqlığımız, gəncliyimiz orada keçib. Biz öz yerimizi, yurdumuzu, kəndimizi istəyirik və ora mütləq qayıdacağıq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin etirafı: "İrəvanda Qərbi Azərbaycan qorxusu yaşanır"
- Qərbi Azərbaycan Xronikası: Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib
- Fuad Hüseynəliyev: "Tramp dövründə Azərbaycan-ABŞ münasibətləri tədricən yaxşılaşacaq"
- Qərbi Azərbaycan Xronikası: Almalıq, Alpava - türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Vorontsovka rayonu Türk dünyasının ayrılmaz bir hissəsidir"