Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qərbi Azərbaycan Xronikası: "Paşa babamla Usub kişi bir ov gülləsi ilə hayları geri oturdublar"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Bizim camaat 4 deportasiya dövründən keçib" adlı veriliş Göyçə mahalı, Basarkeçər rayonunun Pəmbək kənd sakini Əlisəfa Şəbəndiyevin həyat hekayəsinə həsr olunub.
O, 1963-cü ildə doğulduğunu, uşaqlıq illərinin müxtəlif epizodlarla yaddaşında qaldığını deyib: "Uşaqlıqda, məktəb illərində qartopu oynayardıq, xizək sürərdik, qar adamı düzəldərdik. Göyçə gölü donurdu, dənizdə balıq tutmağa gedirdik. Novruz bayramını çox təm-təraqlı keçirirdik. Yay aylarında kənd füsunkar təbiətə malik olurdu. Aşıq-aşıq, çilingağac, ortadadurma oynayır, dənizdə çimirdik. Gözəl müəllimlərimiz olub. Sonralar mən də məktəbdə müəllim işlədim".
Onun sözlərinə görə, Göyçə gölü ilə Pənbək kəndi arasındakı məsafə 1 kilometr idi. Kənddə 15-ə yaxın tayfa olub və bunlar bir-birinə qarşı çox mehriban olublar. Çox sayda yurd yerləri, dağlar, bulaqlar, əkin sahələri, qəbiristanlıq, qədim qəbir daşları var idi. Kəndin ortasından axan Pəmbək çayı Göyçə gölünə tökülürdü. Toponimlərin hamısı türk adları idi.
Pəmbək kənd sakini hələ 1984-cü ildə məktəbdə işlədiyi müddətdə ermənilərin dəyişən mənfi münasibətindən söz açıb: "Rayona avtobusla gedib gəldikcə ermənilər müəyyən zorakı hərəkətlər edirlər. Getdikcə vəziyyət çətinləşirdi. 1988-ci ildə kəndin işıqlarını kəsirdilər. Basarkeçər rayonundan ərzaqları gətirmirdilər, camaatın vəziyyəti getdikcə ağırlaşırdı. Rayonun 32 Azərbaycan kəndinə qarşı mübarizə davam edirdi. Kişilər hər axşam kəndi qoruyurdu. 1988-ci il noyabrın axırı, dekabrın əvvəllərində təzyiqlər gücləndikcə, yavaş-yavaş köç karvanları başladı. Köç karvanları Çəmbərək rayonu tərəfdən Gədəbəyə keçməli idi. Ermənilər karvanın qabağını kəsib, camaata işgəncə verib benzin çəni gətirib köçü yandırmaq istəyirdilər. Rus əsgərlərinin köməyi ilə bunların qabağı alındı. Biz də ailəmizlə birlikdə Gəncə şəhərinə, oradan da Bakıya gəldik".
Ə.Şəbəndiyev 1949-1953-cü illərdə ermənilərin kəndə hücum etməsindən, Vətən həsrəti və doğma yurda qayıdış istəyindən danışıb: "1949-cu ildə bizim kəndə hücum olub. Camaat ermənilərə müqavimət göstərib və haylar qorxudan qaçıb gediblər. 1988-ci ildə ata-babalarımızın evləri, tariximiz, gəncliyimiz, məzarlarımız o yerlərdə qaldı. Ermənilər daşnakcasına qəbiristanlıqları dağıdıblar. Qarabağ camaatı öz yerlərinə qayıtdı, əminəm ki, biz də mütləq Göyçəyə qayıdacaq, ata-baba yurdlarımızı ziyarət edəcəyik".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Anadoluda yaşamış kotan tayfasının məskunlaşdığı məkan
- Xronika: "1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib"
- Qərbi Azərbaycan Xronikası: Arazdəyən, Aralıq, Aralıq Qoyun - türk tarixinin izi
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlıları çıxarıb, erməniləri gətirib, kurort şəhər saldılar"
- Qərbi Azərbaycan Xronikası: "Cıvıxlılar qədim Baharlar türk tayfasının əsgərləri olublar"