Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yazıçı-publisist: "Daşkənddə səkkiz minə yaxın azərbaycanlı yaşayırdı"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi iqtisadçı, yazıçı-publisist Rüstəm Dastanoğlu olub. O, doğulub boya-başa çatdığı Göyçə mahalından, uşaqlıq illərini keçirdiyi Basarkeçər rayonunun Daşkənd kəndindən söhbət açıb. Bildirib ki, qədim tarixə, çoxsaylı maddi-mədəniyyət abidələrinə malik olan Daşkənd əsrarəngiz təbiəti, səfalı havası, dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşməsi ilə də diqqət çəkib.
Müsahibin sözlərinə görə, Göyçə gölünün yaxınlığında yerləşən bu yaşayış məntəqəsində səkkiz minə yaxın azərbaycanlı yaşayıb. İndinin özündə də ata-baba yurdunun həsrətini çəkdiyini vurğulayan R.Dastanoğlu məşhur yazıçı Çingiz Aytmatovdan misal gətirib. Deyib ki, biz Vətəni ona görə sevirik ki, uşaqlığımızı orada itirmişik. Müsahib qayğısız uşaqlıq dövrünü Daşkənddə itirdiyini, o illər üçün çox darıxdığını söyləyib.
Ötən əsrin əvvəlində, həmçinin ikinci yarısında Qərbi Azərbaycanda xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalardan danışan R.Dastanoğlu deyib ki, öz el-obasından qaçqın düşən soydaşlarımız sadəcə Azərbaycan Respublikasına deyil, eləcə də xarici ölkələrə, o cümlədən Türkiyənin Yalova, Qars, İzmir ərazilərinə də pənah gətiriblər. O, buna misal olaraq, Yalovada Göyçədərə deyilən yaşayış məntəqəsinin varlığını, orada hazırda yaşayan sakinlərin Qərbi Azərbaycandan vaxtilə deportasiya olunan soydaşlarımızın nəvə-nəticələri olduğunu diqqətə çatdırıb.
R.Dastanoğlu 1918-ci ildə dörd yaşlı atasının ailəsi ilə birlikdə erməni qırğınlarından yayınmaq üçün kəndi tərk etdiyini, 1948-1953-cü illərdə daşkəndlilərin bütün kənd olaraq köçürüldüyünü, Bərdə rayonunun indiki Yeni Daşkənd ərazisində məskunlaşdığını söyləyib. Qeyd edib ki, sovet hakimiyyəti illərində də Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyi hər addımda özünü büruzə verib. Xaricdən köçürülən, yaxud turist kimi gələn ermənilər açıq-aşkar daşnak təbliğatı aparıblar. Onun sözlərinə görə, əgər 1988-ci ilin sonlarında Hamamlı rayonunda zəlzələ olmasaydı, ermənilərin başı özlərinə qarışmasaydı, azərbaycanlıların deportasiyası daha böyük faciələrlə müşayiət olunacaqdı.
R.Dastanoğlu Qərbi Azərbaycanda, o cümlədən Göyçədə Dədə Qorqud yadigarı olan saza, sözə böyük dəyər verildiyini xatırladıb. Deyib ki, Daşkəndlə bağlı qələmə aldığı "Daşkənd və daşkəndlilər", "Düşüncələrimin kölgəsi" kitablarında doğma kəndi ilə bağlı tarixi həqiqətləri, düşüncələrini geniş oxucu kütləsinə çatdırıb. Müsahib sonda vurğulayıb ki, hər bir Qərbi azərbaycanlı dinc yolla tarixi torpağına qayıtmaq istəyir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir"
- Xronika: "Ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya ediblər"
- Xronika: "Qədim xristian udi-alban icması bu gün ermənilər üçün böyük bəladır"
- Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"
- Qərbi Azərbaycan Xronikası: "Qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək"