Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yuri Mavaşev: “Paşinyan artıq başa düşür ki, Kremlə arxalana bilməz” - Rusiyadan MÜSAHİBƏ
Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakı Ermənistanın radikal dairələrində hiddət fırtınasına səbəb olub. Mənfi rəylər arasında ən “yumşaq təyin” isə Ermənistan Yaxın Şərq Araşdırmalar Mərkəzinin direktoru Tiqran Lokmaqezyana məxsusdur. O bildirib ki, Paşinyan ağası Rəcəb Tayyib Ərdoğanın yanına gedib ki, “onun ayaqqabılarını təmizləsin”.
Lakin sosial şəbəkələrdə Nikol Paşinyanın hərəkətini cəsarətli və düzgün adlandıranlar da olub.
Şərqşünas alim, Rusiyada Yeni Türkiyə Tədqiqat Mərkəzinin direktoru Yuri Mavaşev vəziyyəti Oxu.Az-a şərh edib.
- Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Nikol Paşinyanın iştirakını Ermənistan-Türkiyə, müvafiq olaraq, hər iki proses birlikdə getdiyinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının son mərhələsinin göstəricisi saymaq olarmı?
- İnanıram ki, çox ciddi dəyişikliklər ərəfəsindəyik və bunu 2028-ci ilə qədər görəcəyik. Bu dəyişikliklər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövründə baş verəcək. Söhbət təkcə Ermənistan-Azərbaycan və ya Ermənistan-Türkiyə nizamlanmasından getmir. Türkiyə lideri nəqliyyat dəhlizlərinin açılmasında maraqlıdır. Azərbaycan da bunda maraqlıdır. Ümumilikdə bu, gələcək üçün çox böyük layihə, həmçinin nəqliyyat və ticarət yollarının dəyişdirilməsi cəhdidir.
Təbii ki, İrəvanın gələcəyə öz baxışı ola bilər. Amma biz bu yaxınlarda Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisinin bir hissəsi olması ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatları və Ermənistanda buna genişmiqyaslı mənfi reaksiyanın olmadığını xatırlamalıyıq. Bundan sonra Ermənistanın baş nazirinin Türkiyə səfərinə mənfi münasibət bəsləmək məntiqsizdir. Yeri gəlmişkən, onun orada Türkiyə ermənilərinin 85-ci patriarxı Saak Maşalyanla nümayişkaranə görüşü olub.
- Özü də Paşinyanla erməni katolikosu II Qaregin və Kilikiya katolikosu I Aram arasında ziddiyyətli münasibətlər fonunda...
- Bəli, ona görə də Saak Maşalyanla bu görüş vacib idi. Gələcəyə baxış məsələsinə gəlincə... Ümumiyyətlə, mənə elə gəlir ki, Ermənistanın baş naziri artıq düzgün başa düşür ki, o, Rusiyaya arxalana bilməz, buna ehtiyac da yoxdur. Baxmayaraq ki, eyni zamanda, Rusiya da nəqliyyat kommunikasiyalarının, dəhlizin (Zəngəzur - red.) açılmasında maraqlıdır.
Paşinyana münasibəti aydın şəkildə bir şəxsiyyət və indiki hərəkətlərində bir siyasətçi kimi fərqləndirməliyik. Onun addımlarının ölkə üçün əhəmiyyətini Ermənistanda heç də hamı başa düşmür. O, artıq hərəkətə keçib (Azərbaycanın ərazi bütövlüyünün tanınması - red.). Bunu erməni cəmiyyətində kimlərsə üzüqaralıq adlandırırlar, ancaq burada rüsvayçı heç nə yoxdur. Tarix üçün feilin lazım forması yoxdur, amma Paşinyan olmasaydı, o zaman başqası da sonda eyni qərarı verəcək və bununla da Ermənistan üçün “gələcəyə dəvət” alacaqdı. Amma indi bunu məhz Paşinyan etdi.
Bu gələcək sadə olmayacaq, köhnə modellərə tabe olmayacaq, amma ən azı, mövcud olacaq. Ermənistan dünyada tanınacağı imici özü seçə biləcək.
- Beləliklə, gələcəyin bu məntiqində Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlanması, eləcə də Zəngəzur dəhlizinin açılması qaçılmazdır - sizin fikrinizi düzgün anlayıram?
- Bəli. Üstəlik, hesab edirəm ki, bir siyasətçi kimi Paşinyanın və Ermənistanın özünün də gələcəkdə Türkiyə ilə, məsələn, Rusiya kimi heç bir vasitəçi olmadan birbaşa əlaqələr qurması çox vacibdir. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasını nəzərə alsaq, Bakı, məncə, əleyhinə olmayacaq. Bundan başqa, Türkiyə Azərbaycanı dəstəkləmək siyasətini mütləq davam etdirəcək və Türkiyə hökumətində baş verən son dəyişikliklər Ankaranın əvvəlki siyasətinin bu mənada davam etdirilməsinə təsir etməyəcək.
- Yeri gəlmişkən, Türkiyənin yeni hökuməti haqqında. Kadr dəyişikliyi və yeni təyinatlar barədə nə düşünürsünüz?
- Diqqətinizi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “stavka” etdiyi iki istiqamətə cəlb edəcəyəm və bu, prioritet istiqamətin nə olacağı ilə bağlı bizə ipucu verir. Türkiyə liderinin iki yaxın adamı var - Hakan Fidan və İbrahim Kalın.
Belə ki, bundan əvvəl Türkiyə prezidentinin baş müşaviri vəzifəsini tutan İbrahim Kalın Türkiyənin kəşfiyyat idarəsi MİT-in rəhbəri olub. MİT-in keçmiş rəhbəri olan Hakan Fidan isə artıq ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik edir. Bu, Türkiyənin xarici siyasətində geosiyasi aspektlərin üstünlük təşkil edəcəyini göstərir.
Hakan Fidan üzərində xüsusilə dayanmaq istəyirəm. Bu, istedadlı insandır, amma eyni zamanda, xeyli müddət qeyri-ictimai şəxs olub, bununla belə, ən təhlükəli anlarda Rəcəb Tayyib Ərdoğanın yanında olub, 2016-cı ildəki çevriliş cəhdini xatırlatmaq kifayətdir. İlk vaxtlar onun Xarici İşlər Nazirliyinə rəhbər təyin olunması məni bir az da təəccübləndirdi, çünki o, kəşfiyyatdan olan adamdır. Amma aydındır ki, onun Rusiya ilə yaxşı, birbaşa və xüsusi əlaqələri var. Məhz onun MİT-ə rəhbərliyi dövründə Türkiyə ilə Rusiya arasında gərgin münasibətlər yarandı (Rusiyaya məxsus təyyarənin vurulmasını xatırlayın), lakin elə onun dövründə bu məsələ həll olundu. O, Rusiyanın zəif tərəflərini də bilir.
- Qeyd etmək yerinə düşər ki, Ukrayna onun təyinatına sevindi. Hakan Fidanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak təbrik edərək, Türkiyənin yeni xarici işlər nazirini Ukraynanın dostu və böyük müttəfiqi adlandırıblar. Yeri gəlmişkən, məlumdur ki, Hakan Fidan Ukrayna ilə Rusiya Federasiyası arasında hərbi əsirlərin mübadiləsi ilə bağlı danışıqlarda iştirak edib...
- Bəli və bu, çox əhəmiyyətlidir. Mövzunun davamı olaraq bildirim ki, indi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən beynəlxalq elitaların hazırda Türkiyə üçün, o cümlədən, Rusiyanın şərti təsir zonası hesab edilən regionlarda, məsələn, Cənubi Qafqazda “yaşıl dəhliz” yaratmaq lazım olduğunu bildiklərinə əminəm. Bu şərtlər daxilində isə Hakan Fidan Kremli kənara çəkmək üçün çox diqqətli bir iş görə bilər.
Nair Əliyev
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti