Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təhsil kreditləri ilə bağlı valideynlərin tələbləri nəzərə alınacaqmı? - ŞƏRH
Təhsil kreditləri məsələsi yenidən gündəmi zəbt edib.
Bu da səbəbsiz deyil. Çünki övladları ali məktəblərin, xüsusilə, dövlət ali təhsil müəssisələrinin ödənişli ixtisaslarda təhsil alan valideynlər (bunlar arasında iki və üç övladı pullu-ödənişli ixtisaslarda oxuyan valideynlər, ailələr də var) tərəfindən bu məsələ daim gündəmə daşınmaqdadır.
O cümlədən, davam etməkdə olan 2019-cu ilin dövlət büdcəsinin müzakirələrində valideynlərin bu yöndəki arzu və istəkləri, bəzi hallarda sərt tələbləri millət vəkilləri səviyyəsində səsləndirilməkdə, dilə gətirilməkdədir.
Millət vəkillərindən Qənirə Paşayeva, Fəzail Ağamalı, Hüseynbala Mirələmov, Kamilə Əliyeva və digərləri bu məsələni hökumət üzvləri qarşısında qaldıraraq, problemin həlli üçün artıq konkret addımların atılmasına ehtiyac olduğunu vurğulayıblar.
Bu yerdə xatırladaq ki, bu məsələ artıq neçə ildir ki, cəmiyyətdə, mediada və parlamentdə müzakirə mövzusudur.
Hətta, millət vəkillərindən Vahid Əhmədovla Əli Məsimli bir neçə il öncə “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayaraq, onu parlamentə təqdim etmiş və həmin sənəd ilkin variantda adıçəkilən deputatların üzv olduqları İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilmiş, bəyənilmiş və yenidən işlənilməsi, təkmilləşdirilməsi qərara alınmışdı.
Amma üstündən bir neçə il keçməsinə baxmayaraq, həmin sənədin müzakirələrindən, daha doğrusu, taleyindən bir xəbər yoxdur.
Həmçinin, parlamentin müvafiq Elm və təhsil komitəsi tərəfindən də əvvəlcə tələbə, sonra isə təhsil kreditləri ilə bağlı qanun layihəsinin hazırlanmasının nəzərdə tutulduğu, cəmiyyətin, xüsusilə, nisbətən imkansız təbəqələrin belə bir qanuna ehtiyac duyduğu, onun sosial sifarişə çevrildiyi və bu baxımdan, adıçəkilən sənədin hazırlanması istiqamətində axtarışların başlanıldığı bildirilsə də, hələ də ortalıqda konkret heç nə, heç bir sənəd yoxdur.
Onu da qeyd edək ki, büdcə ilə bağlı komitələrin müzakirələrində maliyyə naziri Samir Şərifov bu yöndə ona və hökumətə ünvanlanan sualları cavablandırarkən, məsələnin müzakirə mövzusu olduğunu, lakin təhsil kreditlərinin verilməsində tərəddüdlərin yaşandığını bildirmişdi.
O, fikrini belə əsalandırmışdı ki, kreditlərin sonda geri qaytarılmaması ehtimalı böyükdür, ona görə də bu məsələnin həlli indiki reallıqda mümkün görünmür.
Bununla belə, nazir qeyd etmişdi ki, məsələdən çıxış yolu dövlət ali məktəblərində ödənişli ixtisasların sayının azaldılması, ödənişsizlərin sayının artırılmasındadır və hökumət də daha çox bu variant üzərində düşünür.
Ancaq hələlik bilinən odur ki, 2019-cu ilin büdcəsində də bununla bağlı hər hansı qrafa (dəyişiklik) gözlənilmir. Bununla belə, valideynlər, tələbələr, millət vəkilləri bu məsələnin həllində israrlıdırlar.
Bu günlərdə redaksiyamıza müraciət edən Bakı şəhər sakini Gülər Nağıyeva iki övladının dövlət ali təhsil məktəbinin ödənişli ixtisaslarına qəbul olunduğunu bildirib və bir valideyn kimi təhsil haqlarını ödəməkdə çətinlik çəkdiyini deyib:
“Qızımın biri keçən il, biri isə bu ilə ali məktəbə daxil olub. Hər ikisi də ödənişliyə düşüb.
Mən özüm müəllim işləyirəm, 350 manata yaxın məvacib alıram, yoldaşım da özəl sahədə işləyir, təxminən 500-600 manat arasında maaş alır.
Ailəmiz də altı nəfərdən ibarətdir. Biz bu məvaciblə övladlarımızın təhsil haqlarını necə ödəyək? Ödəməyə çalışırıq, amma çox çətinliklə…
Bəzən deyirlər, hətta irad tuturlar ki, imkan yoxdur, oxutmayın, hazırlaşsınlar, yenidən sənəd versinlər, qəbul olsunlar, pulsuza düşsünlər… Belə də söz, məntiqmi olar?
Hər bir valideyn kimi bizim də arzumuzdur ki, övladlarımız yüksək səviyyədə ali təhsil alsınlar, savadlı mütəxəssis kimi yetişsinlər… Amma bəzən bu cür gülməli, absurd fikirlərlə qarşılaşırıq və bu, bizi daha da üzür.
Ona görə çox yaxşı olardı və çox xahiş edərdik ki, bu məsələnin həlli yolu tapılsın, çox sərfəli və güzəştli şərtlərlə təhsil kreditləri verilsin, bununla da problem həllini tapsın, biz valideynlərin də canı bu çətinlikdən, gərginlikdən qurtarsın”.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Em və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, bu məsələnin həlli, bu yöndə qanunun qəbulu həqiqətən vacibdir:
“Bu barədə çox danışmışam, mətbuata, elə sizə də bir neçə dəfə açıqlama vermişəm.
Yenə də təkrar olaraq, qeyd etmək istəyirəm ki, komitəmiz tərəfindən adıçəkilən qanun layihəsinin hazırlanması yönündə axtarışlar davam edir, müəyyən materiallar artıq toplanılıb, təhlillər aparılıb.
Biz də komitə olaraq hesab edirik ki, bu qanun zərurətdir, onu qəbulu mütləq lazımdır. Cəmiyyətin, övladları ödənişli ixtisaslarda oxuyan ailələrin buna ciddi ehtiyacı var.
Çünki insanların heç də hamısı imkanlı deyil, övladlarını oxutmaqda çətinlik çəkən ailələrimiz yetərincədir.
Ona görə də bu məsələ öz həllini tapmalıdır. Özü də biz belə hesab edirik ki, reallaşacağı təqdirdə, təhsil kreditlərindən nəinki bakalavr pilləsində oxuyan tələbələr, həm də magistrantlar və doktorantlar yararlanmalıdır.
Ancaq bildiyiniz kimi, bu məsələ maliyyə tutumlu məsələ olduğu üçün bəzi suallar, çətinliklər ortadadır. Bu məsələnin yükünü təkcə dövlət öz çiyinləri üzərinə götürməməlidir, həmçinin, özəl strukturlar, maliyyə-bank sektoru, iş adamları da bu qanunun qəbuluna ciddi dəstək verməlidirlər.
Mən bir daha və yenidən onlara çağırış edirəm ki, bu məsələyə dəstəklərini versinlər.
Bu, elə ilk növbədə onların özünün xeyrinədir”.
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə də bu məsələnin həllinin tərəfdarıdır.
O, qeyd edib ki, bu məsələnin həlli yolunda ilkin addım kimi, dövlət ali məktəblərində ödənişli ixtisasların sayını azaltmaq, əvəzində ödənişsiz, pulsuz ixtisasların sayını artırmaq mümkündür:
“Yəni, ödənişli qəbul planı, pullu ixtisaslar 40 faizdən yuxarı olmamalıdır.
Amma təəssüflər olsun ki, bu gün bu faiz bizdə az qala 70-80 civarındadır. Bu, böyük göstəricidir və bunun aşağı salınması lazımdır. Özəl ali məktəbləri demirəm, amma dövlət ali təhsil müəssisələrində bu məsələ yenidən nəzərdən keçirilməlidir.
Həmçinin, xüsusilə, bölgələrdə, Gəncədə, Sumqayıtda və digər bölgələrimizdə yerləşən dövlət ali məktəblərində bu məsələyə ilkin olaraq, keçmək olar və keçmək lazımdır.
Çünki paytaxt əhalisi ilə bölgə əhalisinin güzəranı, maddiyyat məsələsində müəyyən fərqlər var. Yəni, ilkin olaraq buradan başlamaq və sonra da onu Bakı üzrə davam etdirmək olar.
Ona görə şəxsən mən də belə hesab edirəm ki, bu məsələ öz həllini tapsa, yaxşı olar”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Rəylər