Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Belarus və Azərbaycan birgə elektrobuslar istehsal edə bilər
“Belkommunmaş” ASC və Gəncə Avtomobil Zavodu Azərbaycanda elektrobusların birgə istehsalını nəzərdən keçirir.
Oxu.Az Belarus KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Belarus baş nazirinin müavini Mixail Rusiy ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında baş tutan görüşdə müzakirə aparılıb.
Belarus hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiy Belarusun həm Gəncə, həm də ümumilikdə Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərini qeyd edib.
“Gəncə bir sıra investisiya layihələrinin reallaşdırılması üçün unikal regiondur. Gəncə Avtomobil Zavodunda elektrobusların birgə istehsal imkanları ciddi nəzərdən keçirilir. Texnologiyaların təhvil verilməsi, müşayiəti məsələləri, eləcə də, perspektivlər artıq müzakirə edilib”, - baş nazirin müavini qeyd edib.
O, iki ölkənin Türkiyədə traktor istehsalı üzərində işlədiyini də qeyd edib.
“Sizin bazanızla Türkiyə Respublikasında işləyəcəyik. Düşünürəm ki, apreldə ilk nəticələri qiymətləndirəcəyik. Bu, kifayət qədər ciddi, ambisiyalı layihədir və üç ölkənin transsərhəd, dövlətlərarası əməkdaşlığını çox yüksək səviyyəyə qaldırır”, - Rusiy əlavə edib.
Baş nazirin müavini Azərbaycan tərəfini süd məhsullarının birgə istehsalı imkanlarını nəzərdən keçirməyə dəvət edib:
“Sizin meydançadan üçüncü dövlətlərin bazarları üçün birgə işləmək çox rahatdır”.
Niyazi Bayramov Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri zamanı “Belkommunmaş” zavoduna baş çəkib.
“Birgə işləmək, elektrobuslar istehsal etmək niyyətindəyik. Bu, əlavə iş yerləri deməkdir”, - o deyib.