Tarix fiziki məhdudiyyətlərin böyük nailiyyətlərə əngəl yaratmadığını dönə-dönə sübut edib.
Əsrlərdir bəşər övladının ruhuna süzülən musiqilər bəstələyən Lüdviq Van Bethoven eşitmə əngəlli idi. Bəşəriyyətə sözün həqiqi mənasında işığı bəxş edən Tomas Edison da həmçinin.
Kainatın sirlərini açmağa çalışan astrofizik Stiven Hokinq ALS xəstəliyindən əziyyət çəkirdi.
Portret rəssamlığı ilə dünyada tanınan Meksikanın asi qızı Frida Kalo ömrü boyu ayağında yaranmış problemlərlə bağlı yerimək məhdudiyyəti ilə üzləşdi.
Oxu.Az-ın bugünkü müsahibi də fiziki əngəlin yaratmaq şövqünə, bilgiyə yiyələnmək ehtirasına mane olmadığının ən bariz nümunələrindən biridir.
Elnur Eyvazov Bakıda anadan olub, təhsilini İngiltərə və ABŞ-da alıb. O, həmçinin, hüquq və maliyyə üzrə beynəlxalq ekspertdir. Dünya Bankı, Avropa İnkişaf Bankı və digər təşkilatlarla müxtəlif beynəlxalq layihələr üzərində işləyib.
O, MDB ölkələri arasında məşhur hüquqşünas kimi seçilib. Hazırda ADA Universitetinin Hüquq və Biznes üzrə professorudur, inklüziv təhsil və bərabər imkanlar şöbəsinə rəhbərlik edir. Həmsöhbətim üçün bu uğurları qazanmaq elə də asan olmayıb:
“Mənim anadangəlmə 90 faiz görmə məhdudiyyətim var idi. Məktəb rəhbərləri mənim sağlam uşaqlarla bir yerdə təhsil almağıma razılıq vermirdilər. Valideynlərimin köməyilə məktəbdə təhsil ala bildim.
İndi inklüziv təhsil inkişaf etdirilir. Bu, yaxşı nümunədir. Mən məktəbdə oxuyanda buna heç bir şərait yox idi. Görmə məhdudiyyəti olan insanın kitab oxuması çətindir.
Çalışırdım, dərsləri diktofona yazım və qulaq asaraq öyrənim. Yaxud anam və qardaşımdan mənə kitab oxumalarını xahiş edirdim. O vaxtlar cəmiyyətin əlillərə yanaşması daha kobud və “qara siyahı”ya salınmış mövzu idi. Məktəbdə elə müəllimlər var idi ki, mənə çox kobud davranırdılar.
Deyirdilər ki, səndən heç nə olan deyil. Sən nə edəcəksən ki? Hətta bir müəllimim mənə dedi ki, sənin kimi olan insanlar nə təhsil ala bilər, nə də işləyə bilər. Sənin axırın evdə oturub kimdənsə kömək dilənmək olacaq. Mən də ona bildirdim ki, siz nə bilirsiniz ki, mən sabah kim olacağam? Açığı deyim ki, bir az özümü pis hiss etdim ki, müəllim mənimlə necə belə kobud davranır?!
Sinifdən çıxandan sonra başa düşdüm ki, mən məktəbimə, müəllimlərimə, cəmiyyətimə və bu qəbildən olan insanlara nəyisə sübut etməliyəm”.
Odur ki, balaca Elnur anlayıb ki, problemlərdən qaçmaq lazım deyil, sadəcə, vəziyyəti başa düşüb reallığı qəbul etmək lazımdır. O deyir ki, məktəbə gedib-gəlmək üçün fiziki baxımından məhdudiyyətləri olduğuna görə çətinliklərlə üzləşirdi, odur ki, harasa gedəndə yolu əzbərləyir, ya da dostları ilə gedib gəlirdi.
Elnur müəllimlərdən gördüyü neqativ münasibətdən bəhs edib:
“Mən desəm ki, müəllimlərim mənə istiqanlı yanaşırdılar, bu, düzgün olmazdı. Onlar əlil olduğum üçün mənə xüsusi yanaşmırdılar. Ayrıseçkilik qoymadıqları üçün onlara minnətdaram. Ən böyük problem insanlarda idi. Bizim müəllimlərimiz, şagirdlərimiz əlilliyin nə olduğunu bilmir. Ayrıseçkilik sadəcə onların əlilliyi bilmədikləri üçün idi.
Həyatımda elə vaxtlar olub ki, təhsilimi davam etdirmək istəməmişəm. Düşündüm ki, həyatdır və mən tək deyiləm. Elə insanlar var ki, daha çətin vəziyyətdədir”.
Həmsöhbətimiz deyir ki, məktəbi bitirdikdən sonra psixoloji baryeri qıra bilib. Bu işdə motivasiyayönümlü kitablar ona çox kömək olub:
“Əlil olub, amma həyatda uğur qazanan insanlar barədə məlumatlar aldım. Bizim cəmiyyətdə əlilliyi olan insanlarda motivasiya çatışmır”.
Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirdikdən sonra təhsilini İngiltərənin Kembric Universitetində davam etdirib:
“Belə tipli universitetlərə daxil olmaq çətindir. Çünki orada təhsil almaq üçün böyük rəqabət var. Mən ora daxil olandan sonra ikinci bir problem yarandı. Təhsilimi davam etdirmək üçün maddi vəsait lazım idi. Universitet tərəfindən mənə təqaüd verilməsi barədə məktub gəldi.
Təhsilimi davam etdirdim və buranı da fərqlənmə ilə bitirdim. Azərbaycana qayıtdıqdan sonra Oksforda oxumaq üçün müraciət etdim və təqaüd aldım. Orada əlilliklə bağlı heç kimə fərq qoymurlar. Oraya daxil olduqdan sonra bilirlər ki, sizdə əllilik var.
Hərdən insanlar elə bilir ki, onlardan təqaüd almaq əlilliklə bağlı olur. Amma bu, belə deyil. Hamıya bərabər imkanlar yaradırlar və seçim aparırlar. Orada komitə var və tələbəni qəbul etmək üçün qərar verirlər. Oranı bitirdikdən sonra Azərbaycana gəldim və “BP” şirkətində çalışdım.
Düşündüm ki, akademik fəaliyyətə başlamaq üçün yenidən təhsil almağım lazımdır. Çalışmaq istədiyim professorlar Kolumbiya Universitetində idi. ABŞ-da maliyyə və hüquq üzrə təhsilimi davam etdirdim. Həmin müddətdə professorlarla birlikdə məqalələr yazdıq.
Təhsil haqqımı Amerika Dövlət Departamenti ödəyirdi və mənim Azərbaycana gəlmək üçün öhdəliyim var idi. Öz hədəfim də ABŞ-da qalmaq deyildi. İstəyirdim ki, ölkəmə qayıdım və faydalı olum, xüsusilə əlilliyi olan insanlar üçün”.
Qəhrəmanımız Azərbaycana qayıtdıqdan sonra bir neçə layihə üzərində işləməyə başlayıb. Amerika Hüquqşünaslar Assosiasiyası tərəfindən BDU-də hüquq üzrə magistratura təhsili üçün proqram hazırlanarkən ekspert kimi dəvət edilib. Elə orada da həyatının sevgisinə rast gəlib:
“Orada həyat yoldaşımla tanış olduq. Evlilik təklif etdim, müsbət qəbul etdi. 2013-cu ildə ailə həyatı qurduq. İki övladım var. Böyük qızımın dörd yaşı var, kiçik qızım isə doqquz aylıqdır. Həyat yoldaşım BDU-da hüquq fakültəsində dərs deyir. O da akademik fəaliyyətlə məşğuldur. Mən deməzdim ki, kimdəsə əlillik varsa, o, ailə həyatı qura bilməz. Təəssüf ki, Azərbaycan cəmiyyətində belə bir düşüncə var.
Ailə lazımdır. Ailə mənim üçün böyük bir dayaqdır. Həyat yoldaşımdan, uşaqlardan pozitiv enerji alıram. Çox məmnunam. Eyni zamanda, yaxşı uşaq böyütmək məsuliyyətdir”.
Bütün bu çətinlik və uğurlardan sonra Elnura ADA Universitetində çalışmaq üçün təklif gəlməsi onun karyerasında mühüm mərhələ olub:
“Təşəbbüs ADA Universitetinin rektoru Hafiz Paşayevdən gəlib. Burada bir neçə müsabiqədən keçdim. Ondan sonra universitet pozitiv qərar qəbul edib, məni bura dəvət etdilər. Beş ildir burada fəaliyyət göstərirəm. Gözəl mühit var.
Tələbələrlə işləməkdən zövq alıram. Bir saat 20 dəqiqə mühazirə demək çətin olsa da, işimin öhdəsindən həvəslə gəlirəm. Çalışıram ki, tələbələrə dərsləri praktiki çatdırım. Heç vaxt burada hiss etməmişəm ki, kimsə mənə desin ki, siz pis görürsünüz. Gün ərzində 5-6 saat burada oluram. Bu, dərs yükündən və layihələrdən asılıdır.
Dərs saatım az olanda müxtəlif konfranslara qatılıram. Akademik fəaliyyətə burada başladım. Öz təcrübəmi ADA-dan əlavə olaraq Fransada, Cenevrədə, Londonda və müxtəlif yerlərdə universitetlərdə tələbələrə dərs deməklə bölüşürəm. Arada dərs demək üçün xaricə gedirəm. Amma həmişəlik getmək barədə düşünməmişəm”.
Uşaqlıqdan əziyyət gördüyünü desə də, reallıqları gənc yaşından dərk etdikdən sonra başa düşüb ki, mütəmadi olaraq öz üzərində işləməlidir. O, bunun asan olmadığını etiraf edir:
Tarix fiziki məhdudiyyətlərin böyük nailiyyətlərə əngəl yaratmadığını dönə-dönə sübut edib.Əsrlərdir bəşər övladının ruhuna süzülən musiqilər bəstələyən Lüdviq...
“Amma siz mənə sual versəniz ki, bu naliyyətləri əldə etmək çətindirmi? Deyərdim ki, doğrudan, çətindir. Bu, əlillikdən asılı deyil. Əlillik məhdudiyyətini insan psixoloji cəhətdən aradan götürdükdən sonra çox şey əldə edə bilər.
Biz əlilliyi olmayan insanlara nəzər salsaq görərik ki, onların əksəriyyəti heç nə əldə edə bilmir. Nadir halda adamlar böyük nailiyyətlər qazanırlar. Təəssüf olsun ki, əlillərin arasında da belə tendensiya var”.
Həmsöhbətimizin insanlara, yaşıdlarına tövsiyələri var:
“İnsanlara tövsiyə edərdim ki, həyata sərbəst baxsınlar. Hər dəqiqədən istifadə etmək lazımdır. İnsan çətinliklə, addım-addım da olsa, nəyisə əldə etməyə çalışmalıdır. Mübariz olun. Heç vaxt problemlərdən qaçmayın”.
İlhamə ƏBÜLFƏT
Foto/Video: Valeh ARİFOĞLU
Rəylər