Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gənclər evlilikdən niyə qorxur? - ARAŞDIRMA
İlbəil boşanmaların sayı artır. Əsaslı və ya əsassız, insanlar boşanmağa yüzlərlə səbəb tapır. Bunun qarşılığında evlənmək istəyənlərin sayı azalır və evlilik yaşı da artır.
İndiki cavanları da o dövrün cavanları ilə müqayisə etmək olmaz. Ümumi bir fikir var ki, ana-atalarımızın vaxtında gənclər ailə məsuliyyəti dərk edirdilər, yığımcıl olurdular. Bugünkü cavanlar isə valideynlərinə arxalanaraq, heç nəyi dərindən düşünmürlər.
Başqa səbəb də var: çoxuşaqlı ailələrdə “növbə” problemi, cehiz yarışı, bahalı qızıllar və s. Qəribə olsa da, bir çox insanın həyatına təsir edən məqamlardan biri də bu problemlə bağlıdır - gənclər ailə qurmaq istəmirlər.
İnsanları ailə həyatı qurmaqdan çəkindirən nüanslar hansılardır? Əsas səbəb nədir?
Sosial şəbəkədə kiçik sorğumuza verilən cavablara görə, insanların 80 faizi maddi vəziyyətin, işsizlik və evsizlik problemi səbəbindən addım ata bilmir. İstəsə də, istəməsə də işi-gücü olmayan gəncin ailə qurması da çətindir. Digər 20 faiz isə öz xarakterinə uyğun biri ilə hələ də qarşılamadığını deyib.
Görəsən, boşanmaların artması gənclərdə psixoloji travma yarada bilərmi? İnsanların qarşısını alan güvənsizlik hissidir, yoxsa necə?
Oxu.Az-a danışan Psixoloq Nuriyyə Quliyeva düşünür ki, bu gün mövcud problemlərdən əlavə, gənclər özləri də öz işlərini çətinə salır:
“Ailə qurmaq çətin deyil. Çətin olan bu ailəni maddi və mənəvi təmin etməkdir. Bunun üçün ev şəraiti və müəyyən mənada stabil gəlirli işin olmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq, bu gün gənclər özləri də bir sıra problem yaradacaq seçimlər edirlər. Məsələn, bu gün xanımlarımızın böyük əksəriyyəti ali təhsilli və karyera həvəsindədir. Bu, gözəldir. Lakin onlar düşünürlər ki, ali təhsil alıb, yaxşı iş yerlərində çalışdıqları üçün mütləq ayrı evləri olmalıdır. Heç olmasa, evin kişisi xanımından daha çox pul qazanmalıdır. Bunu sanki bir dəyər kimi qəbul edirlər. Elə əvvəllər də savadlı xanımlarımızın sayı az olmayıb. Amma bu cür yanaşma olmayıb. Xanımlar qayınana,qayınata ilə yaşamağı problem etmirdilər. Elə ailələr arasında münasibətlərin özü də əvvəllər çox başqa idi. Bu səbəbdən də, indi ailə qurmaq istəyən gənclər çətinlik çəkirlər”.
Gəncləri qorxudan səbəblərdən biri isə kütləvi informasiya vasitələrində oxuduğumuz xəyanətə dair xəbərlərdir.
“Tez-tez evli xanımların başqa kişilərə qoşulub qaçdığına, kişilərin ailəsini və övladını atıb getdiyinə dair xəbərlər oxuyuruq. Sosial şəbəkələrdən aktiv istifadə edən gənclik bütün bunları oxuyur və şüuraltı bir qorxu yaranır. Bu gənclər arasında bir-birinə inamsızlıq yaradır. Hər iki tərəfin ağlında “görəsən, o mənə sadiq həyat yoldaşı ola bilər ya yox?” sualı yaranır. Əlbəttə ki, bu insanları evlilik haqqında fikirlərini ikinci plana salır. Onlar da məcbur olub, zamanlarını öz işlərinə, karyeralarına ayırırlar. Nə erkən, nə də gec ailə həyatı qurmaq yaxşıdır. Qızlar üçün 24-26 yaş ən ideal yaş hesab olunur. Bəylər isə 28 yaşa qədər evlilik qərarını dəqiqləşdirəsələr yaxşı olar”,-deyə psixoloq qeyd edib.
N.Quliyeva gec ailə qurmağın gələcəkdə dünyaya gələcək övladların sağlamlıqlarına da təsir edə biləcəyini diqqətə çatdırıb:
“Statistika göstərir ki, gec ailə quran və gec yaşlarda ana olan qadınların əksəriyyətinin övladları daun sindromu ilə doğulur. Ananın yaşı 35-40 keçirsə, risk daha da artır”.
Sosioloqlar isə düşünür ki, gec evliliklərə səbəb düzgün sistemləşdirilməmiş iş həyatıdır.
Cəmiyyətdə belə bir fikir üstünlük təşkil edir ki, bir gəncin orta məktəbi bitirib, 4 il universitet, 2 il magistratura təhsili alması, ən azı rus, ingilis dillərini “arzu olunan” (oxu: mükəmməl) bilməsi, bir neçə il iş axtarması, həyatını düzənə salması onun 27-28 yaşına gəlib çatmasıyla nəticələnir. Üstəlik oğlanlar üçün 1 il hərbi xidmət müddəti də var.
Sosioloqlar bu problemin paralel olaraq texnikum, peşə kolleclərindən və burada verilən təhsilin keyfiyyətindən asılılığını da vurğulayırlar. Məsələn, 9-10-cu sinfi bitirən şəxslər sərbəst sahibkarlıq fəaliyyətinə başlasa, gəlir əldə etsə, niyə də daha erkən, yəni 22-24 yaşlarında ailə həyatı qurmasınlar?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda nikah yaşı 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub.
Könül Cəfərli
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi
Rəylər