Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşesi polkovnik Elşən Rəhimov və onun köməkçisi polkovnik-leytenant Aydın Rəhimov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan, əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin Slutsk şəhərində yaşayan anası Kima Davidoviçi Yeni il bayramı ərəfəsində ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qəhrəmanın anasına Müdafiə nazirinin Yeni il təbriki çatdırılıb və qəhrəmanın anasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.
Milli Qəhrəmanımızın məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Hərbi attaşelik aparatının əməkdaşları K.Davidoviçin evində aparılan təmir işləri ilə tanış olub, çay süfrəsi arxasında onun səhhəti və problemləri ilə maraqlanıb, eləcə də A. Davidoviçin qəhrəmanlığı, gənclik və xidmət illərini xatırlayıblar.
Vurğulanıb ki, Milli Qəhrəmanın xatirəsi hər iki ölkədə daim ehtiramla yad olunur və bundan sonra da Azərbaycan xalqının qəlbində əbədi qalacaqdır.
Qəhrəmanın anası da öz növbəsində oğlunun xatirəsinə göstərilən ehtirama, eləcə də özünə yetirilən diqqət və qayğıya görə dövlətimizin başçısına, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.
Rəylər