Bu gündən uşaq verilişlərində yayılan reklamların uşaqların yaş kateqoriyasına uyğun olması tələbi qüvvəyə minir.
Oxu.Az xəbər verir ki, bu məsələ "Reklam haqqında" Qanuna edilən müvafiq əlavədə öz əksini tapıb.
Qanuna əsasən, bu gündən etibarən uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilməyəcək.
Eyni zamanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əsasən, internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.
Könül Cəfərli