Futbol tarixində elə oyunçular var ki, onların adı çəkiləndə ilk növbədə qazandıqları kuboklar deyil, meydanda yaratdıqları sehr yada düşür. Ronaldinyo da onlardan biridir. Topla rəftarı, rəqiblərini çaşdıran fintləri, gözlənilməz ötürmələri və üzündən əskik olmayan təbəssümü ilə milyonların sevimlisinə çevrilmişdi. O, futbolu sadəcə oynamır, sanki bu oyundan zövq alırdı.
Amma hər kəsi güldürən bu insanın həyatında kədərli səhifələr də az olmayıb. Erkən yaşda atasını itirməsi, şöhrətin gətirdiyi çətinliklər, karyerasının gözləniləndən tez enişə keçməsi və hətta həbsxanaya düşməsi...
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə futbol tarixinin ən istedadlı və sevilən simalarından biri olan Ronaldinyonun həyat hekayəsindən bəhs edəcəyik.
Futbola aparan yol və erkən itki
Ronaldo de Assis Moreyra 1980-ci il martın 21-də Braziliyanın Porto-Aleqri şəhərində dünyaya gəlib. Sonradan bütün dünyanın Ronaldinyo adı ilə tanıyacağı bu uşağın futbol istedadı hələ kiçik yaşlarından üzə çıxıb.
Ailəsində futbol xüsusi yer tuturdu. Atası Joao de Assis Moreyra da futbolçu olub, sonradan gəmiqayırma müəssisəsində çalışıb. Böyük qardaşı Roberto Assis də peşəkar futbolçu idi və Ronaldinyonun karyerasında mühüm rol oynayıb.
Lakin ailənin həyatında ağır faciə baş verib. Ronaldinyo cəmi səkkiz yaşında olarkən atası ailənin yaşadığı evin həyətindəki hovuzda boğularaq həyatını itirib. Bu itki onun uşaqlıq illərinə kölgə salsa da, futbola olan sevgisini azalda bilməyib.
O, futbola futzal və çimərlik futbolu ilə başlayıb. Kiçik yaşlarından topla rəftarı, texnikası və qeyri-adi oyun düşüncəsi ilə yaşıdlarından seçilib. 13 yaşında yerli komandalardan birinə qarşı oyunda 23 qol vurması onun adını Braziliyada tanıdan hadisələrdən biri olub.

Braziliyadan Avropaya, oradan dünya zirvəsinə
Ronaldinyo peşəkar karyerasına "Qremio" klubunda başlayıb. 1999-cu ildə Braziliya millisində debüt edib və həmin il Amerika Kubokunun qalibi olub. 2002-ci ildə isə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında Braziliya millisinin heyətində dünya çempionu adını qazanıb.
Həmin mundialda İngiltərəyə qarşı vurduğu cərimə zərbəsi futbol tarixinin yaddaqalan qollarından birinə çevrilib. Ronaldinyo uzaq məsafədən qapıya zərbə endirib və top qapıçı Devid Simenin üzərindən tora daxil olub. Braziliya 2:1 hesabı ilə qalib gələrək turnirin yarımfinalına yüksəlib.
2001-ci ildə Fransanın PSJ klubuna keçən futbolçu Avropada da diqqət mərkəzinə düşüb. Lakin onun karyerasının ən parlaq dövrü 2003-cü ildə "Barselona"ya transferindən sonra başlayıb.
"Barselona"nın xilaskarı və dünyanın ən yaxşısı
Ronaldinyo Kataloniya klubuna gələndə "Barselona" çətin dövr yaşayırdı. Komanda əvvəlki uğurlarından uzaq düşmüşdü. Braziliyalı futbolçu isə qısa müddətdə həm meydandakı oyunu, həm də xarizması ilə azarkeşlərin sevimlisinə çevrilib.
Onun driblinqləri, ötürmələri, gözlənilməz zərbələri və rəqib müdafiəçilərini çaş-baş salan fintləri futbolsevərləri heyran edirdi. Ronaldinyo futbolu əsl tamaşaya çevirirdi.
2004 və 2005-ci illərdə FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilən braziliyalı 2005-ci ildə "Qızıl top" mükafatına da layiq görülüb. Həmin il "Barselona" ilə İspaniya çempionluğunu qazanıb, bir il sonra isə komandanın Çempionlar Liqasındakı zəfərində əsas fiqurlardan biri olub.

2005-ci il noyabrın 19-da "Real Madrid"ə qarşı səfər matçında vurduğu iki qol onun karyerasının ən yaddaqalan anlarından biri kimi tarixə düşüb. "Barselona" 3:0 hesabı ilə qalib gəlib. Ronaldinyo rəqib azarkeşlərin də alqışlarını qazanaraq "Santyaqo Bernabeu" stadionunda ayaqüstə alqışlanıb. Bu, "Real Madrid" azarkeşlərinin rəqib futbolçuya göstərdiyi nadir hörmət nümunələrindən biri olub.
Messinin həyatına toxunan futbolçu
Ronaldinyonun "Barselona"dakı hekayəsinin başqa bir mühüm tərəfi isə Lionel Messi ilə bağlıdır.
Argentinalı futbolçu əsas komandaya yeni qoşulanda Ronaldinyo artıq dünyanın ən yaxşı oyunçularından biri idi. Braziliyalı gənc Messiyə dəstək göstərir, onun komandaya uyğunlaşmasına kömək edirdi.
2005-ci il mayın 1-də "Albasete" ilə oyunda Messinin "Barselona"nın heyətində ilk rəsmi qolunu vurmasına Ronaldinyonun ötürməsi şərait yaradıb. Bu qol sonradan futbol tarixinin ən böyük karyeralarından birinin başlanğıc simvoluna çevrilib.
Ronaldinyo sonralar Messi ilə münasibətlərini qardaşlıq kimi xarakterizə edib. O, argentinalı futbolçunun yüksəlişinin başlanğıcında iştirak etməsindən qürur duyduğunu dəfələrlə bildirib.

Şöhrətin kölgəsində qalan karyera
Hər şey mükəmməl görünürdü. Ronaldinyo dünyanın ən yaxşı futbolçusu idi və "Barselona"nın əsas simasına çevrilmişdi. Ancaq zaman keçdikcə onun meydandan kənar həyat tərzi və fiziki hazırlığı müzakirə mövzusuna çevrilib.
Zədələr, intizamla bağlı suallar və əvvəlki oyun səviyyəsini qorumaqda çətinliklər onun çıxışlarına təsir göstərib. 2008-ci ildə "Barselona"dan ayrılaraq "Milan"a keçib. İtaliya klubunda da parlaq anları olsa da, Kataloniyada göstərdiyi oyunu uzun müddət davam etdirə bilməyib.
Sonrakı illərdə Braziliyanın "Flamenqo", "Atletiko Mineyro" və "Fluminense" klublarında çıxış edib. 2013-cü ildə "Atletiko Mineyro" ilə Libertadores Kubokunu qazanıb. Meksikanın "Keretaro" klubunda da oynayan futbolçu 2015-ci ildə peşəkar səviyyədə son oyununa çıxıb.
2018-ci ilin yanvarında isə qardaşı və meneceri Roberto Assis onun peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Ronaldinyo həmin vaxt 37 yaşında idi.

Həbsxanaya aparan hadisə
Ronaldinyonun həyatındakı ən gözlənilməz hadisələrdən biri 2020-ci ildə baş verib.
Braziliyalı futbolçu həmin ilin mart ayında qardaşı Roberto Assislə birlikdə Paraqvaya səfər edib. Onlar ölkəyə saxta Paraqvay pasportları ilə daxil olmaqda şübhəli bilinərək saxlanılıblar.
Ronaldinyo və qardaşı əvvəlcə yüksək təhlükəsizlik rejimli həbsxanaya yerləşdiriliblər. Daha sonra məhkəmə onların girov müqabilində həbsdən çıxmasına və oteldə ev dustaqlığında qalmasına qərar verib.
Futbolçu ümumilikdə təxminən beş ay Paraqvayda nəzarət altında qalıb. 2020-ci il avqustun 24-də məhkəmənin qərarı ilə o və qardaşı azadlığa buraxılıblar. Hər iki şəxsə şərti həbs cəzası verilib və cərimə tətbiq olunub.
Bir vaxtlar dünyanın ən böyük stadionlarında minlərlə insanın alqışladığı futbolçunun adının belə bir hadisə ilə gündəmə gəlməsi onun həyatının ən acı səhifələrindən biri olub.

Bəs Ronaldinyodan geriyə nə qaldı?
Ronaldinyo futbol tarixində yalnız qazandığı titullarla xatırlanmayacaq. O, meydanda yaradıcılığın, azadlığın və futbol sevgisinin simvollarından birinə çevrilib. Onun oyununa baxmaq üçün hansı komandanı dəstəkləməyin fərqi yox idi. Hətta rəqib azarkeşlər də braziliyalı futbolçunun sehrinə düşürdülər.
2002-ci il dünya çempionluğu, 2005-ci ilin "Qızıl top"u, 2006-cı ilin Çempionlar Liqası zəfəri və "Barselona"da yaratdığı unudulmaz anlar onun futbol irsinin əsas hissəsidir.
Dünyaya futbolu gülümsəyərək oynamağı sevdirən Ronaldinyo bir daha göstərib ki, ən böyük istedad belə insanı həyatın çətinliklərindən qoruya bilmir. Onun meydandakı sehrini isə futbolsevərlər hələ uzun illər unutmayacaqlar.