Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazirlik rəsmisi bu qurumları ittiham etdi: “Səhlənkarlıqdır” - FOTO
Qusar rayonu, Aşağı Xuc kəndinin ərazisində, Qusarçay çayının sahilində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Qusarçay çayının sahilinə məişət tullantılarının atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.
Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Aşağı Xuc bələdiyyəsi tərəfindən tullantılardan təmizlənib.
Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə tullantıların idarə olunmasına cavabdeh olan Aşağı Xuc bələdiyyəsinə xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, bu gün tullantıların pərakəndə şəkildə atılması, düzgün idarə olunmaması ən aktual məsələlərdən biridir və bu, çox narahatedicidir:
“Çayların vadilərinin, dəniz kənarlarının, meşəliklərin tullantılarla çirkləndirildiyi hamıya bəllidir. Bəziləri hələ də məişət tullantılarını çaya, dənizə atmaqdan çəkinmir. Ona görə dənizdən, çaylardan daim sellofan torbalar, plastik və müxtəlif tullantılar sahilə çıxır, yaxud çayların vadilərində zibillər qalaqlanır.
Xüsusilə vurğulamaq lazımdır ki, təbiət qoynuna istirahətə gedənlər, istirahət mərkəzlərində dincələnlər və istirahət-iaşə obyektlərini idarə edənlər yaranan tullantıları pərakəndə şəkildə atır. Yəqin, mənimlə razılaşarsınız ki, özümüz təbiəti bu günə qoyuruq.
Problemin özəlliyi də odur ki, məsələnin mərkəzində hamımız dayanırıq. Məncə, bu problemi birlikdə həll etməliyik. Yalnız cərimə ilə iş bitmir. Tərəfimizdən tez-tez məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur, ərazi təmizlənir. Ancaq bu, o demək deyil ki, ərazi çirkləndirilməli və biz məcburi göstəriş verməliyik, cərimə etməliyik, onlar da təmizləməlidir”.
İ.İbrahimova bildirib ki, təmizlənən əraziyə müəyyən vaxtdan sonra yenə də tullantılar atılır:
“Düzdür, bu tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı danılmazdır, amma zibili atan da özümüzük axı... Evimizin içindəki zibili çıxarıb, evimizin kandarına atırıq, nəfəs aldığımız havanı, üstündə gəzdiyimiz torpağı çirkləndiririk. Görəsən, niyə təbiətimizə bu qədər laqeydlik göstəririk?
Bir sözlə, hamılıqla təbiətə qayğı ilə yanaşaq ki, o, bizdən üz döndərməsin. Hər kəsin işi ekologiyaya, təbiətə zərər vurmaq yox, təbiəti qorumaq olmalıdır.
İlhamə Əbülfət
"İradə İbrahimova" teqi üzrə xəbərlər
- Nazirlikdən çimərliklərə gedənlərə ÇAĞIRIŞ
- ETSN sözçüsü: "Xəbərdarlıqları izləməyi unutmayın"
- ETSN küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib
- Sənət adamları Ramazanda: “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram” - SORĞU + FOTO
- Şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA + VİDEO