Dövlət İmtahan Mərkəzi tərəfindən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də qəbul imtahanı keçirilib.
İmtahanın nəticələrinə görə, Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimov və 2015-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olan Elnur Nəsibli imtahanda ən yüksək nəticə (95 bal) yığaraq ölkənin ən çox bal toplayan iki nəfəri olub.
Oxu.Az-ın məlumatına görə, S.Rəhimov BANM-nin bakalavr pilləsinə 2015-ci ildə 678 balla qəbul olunub. E.Nəsibli isə 2009-cu ildə 631 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub.
S.Rəhimov saytımıza bildirib ki, imtahana iki ay hazırlaşıb:
“Bu müddət ərzində həm dərslərimə, həm də qəbul imtahanına hazırlaşırdım. Fikrimcə, suallar o qədər də çətin deyildi. Məntiq sualları mənim üçün daha asan idi, informatika üzrə isə nisbətən suallar qəliz idi”.
Tələbə qeyd edib ki, imtahan verdikdən sonra ölkə üzrə ikinci olacağını proqnozlaşdırıb:
“Amma birinci olmaq mənim üçün də sürpriz oldu. Ölkə birincisi olmaq qürurvericidir. Effektiv çalışaraq qısa müddətdə yüksək nəticəyə nail olmaq mümkündür. İxtisas seçimini hələ tam dəqiqləşdirməmişəm. Bəzi detallar var, özüm üçün onları müəyyən etdikdən sonra qərar verəcəyəm”.
Rəhimov Seymur Hüseyn oğlu 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. 2011-ci ildən etibarən təhsilini Sumqayıt şəhər 24 saylı tam orta məktəbdə davam etdirib.
2013-cü ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “İstedadların Hazırlığı Laboratoriyası” adlı olimpiadanın respublika turunda 3-cü, 2014-cü ildə isə 2-ci yerə layiq görülüb.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində keçirilən təlimlərdə və “Üzgüçülüyün əsasları” adlı kursda iştirak edib və sertifikatla təltif olunub.
Bundan əlavə, “Peşə etikası” və “Liderlik” adlı təlimlərdə də iştirak edib və uğurla başa vurub.
Qeyd edək ki, magistraturaya qəbul imtahanlarında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Solmaz Əzimli 93 bal toplayaraq, ölkə üzrə ikinci olub.
İlhamə Əbülfət
Rəylər