Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda dezinfeksiya səfərbərliyi: Ölkə üzrə tədbirlər davam edir - FOTO
Çinin Uhan vilayətində aşkarlanan və qısa zamanda bir sıra ölkələrə yayılan koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır. Azərbaycanda da rəsmi olaraq virusa yoluxma halları aşkar olunsa da, aidiyyəti qurumlar vətəndaşları təlaşlanmamağa, zəruri sanitar-gigiyenik normalara riayət etməyə çağırır.
Oxu.Az xəbər verir ki, ölkədə virusun yayılmasının qarşısını almaq üçün istər sərhəd zonalarında, istərsə də ölkədaxili inzibati binalarda - xəstəxanalar, orta məktəblər, nazirliklər, ali təhsil müəssisələri, ictimai nəqliyyat sektoru və digər məkanlarda dezinfeksiya işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 bina və 346 bağçada dezinfeksiya işlərinin mərhələli şəkildə aparıldığını bildirib. Məlumata əsasən, kooperativ binaların, MTK-ların rəhbərlərinə xəbərdarlıq edilib ki, onlara aid olan bina və həyətlərdə dezinfeksiya işləri tez bir vaxtda yekunlaşdırılsın.
Əmlak Xidmətləri Məkanında və səyyar avtobuslarda da dezinfeksiya işləri aparılıb. Koronavirus (COVİD-19) və digər yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daha çox müraciət etdiyi Əmlak Xidmətləri Məkanında dezinfeksiya işləri görüb.
Bununla yanaşı, vətəndaşlara ünvanlarında xidmət göstərən səyyar avtobuslar da dezinfeksiya olunub. Qeyd edək ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində hər həftə müxtəlif ünvanlarda vətəndaşlara xidmət edən mobil ofislər də əraziyə çıxmamışdan öncə dezinfeksiya edilir.
Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə paytaxtda davam etdirilən təxirəsalınmaz tədbirlər çərçivəsində paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Gün ərzində insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələri də diqqətdən kənarda qalmayıb. Belə ki, fevral ayının 21-dən etibarən koronavirus infeksiyasına qarşı “Bakı Metropoliteni” QSC tərəfindən bütün metropoliten obyektlərində və qatarlarda əks-epidemik profilaktik tədbirlər - dezinfeksiya işləri aparılmaqdadır.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən “Nərimanov” elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilib və ikinci dövrə üzrə dezinfeksiya işlərinə başlanılıb, bu işlər davamlı olaraq aparılacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dezinfeksiya işləri vaqon salonunun bütün hissələrini əhatə edir.
Xatırladaq ki metropolitendə koronavirusla əlaqədar dezinfeksiya zamanı geniş spektrli “ProGreen DEZ-8” dərman vasitəsindən istifadə olunur. Bu dezinfektant bütün növ mikroblar, bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.
Təhlükəsizlik məqsədilə respublika üzrə təhsil müəssisələrində mart ayının 3-dən 9-na qədər tətil elan olunub. Təbii olaraq tədris müəssisələrinin də dezinfeksiyası nəzərdə tutulub.
Bakı Ali Neft Məktəbində (BANM), Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Texniki Universitetində, Azərbaycan Tibb Universitetində (ATU) eləcə də orta ümumtəhsil müəssisələrində virusun yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb, binalarda dezinfeksiya işləri aparılıb.
Respublika üzrə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb, İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb. Təhlükəsizlik məqsədilə ölkəyə giriş-çıxış edən şəxslərin virus daşıyıcısı ola bilmə ehtimalı nəzərə alınaraq yoxlamalar aparılır.
Sanitariya-epidemioloji tədbirlər çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-də sanitariya-epidemioloji tədbirləri gücləndirib. Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, koronavirusa qarşı dezinfeksiya tədbirləri aparılıb. Yalnız ölkədaxili deyil, həm də beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda zəruri tədbirlər görülüb. Həmçinin, sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimdə çalışır. Sərhəd-keçid məntəqələrindən ölkəmizə daxil olan yük qatarlarının bütün vaqonları, eləcə də, ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları (sərnişinlər vaqonları tərk edəndən sonra) hər gün dezinfeksiya olunur. Bütün sərnişin qatarlarının vaqonları tibbi qutularla, bələdçi heyəti qoruyucu maska və əlcəklə təmin olunub. Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlər ümumi gigiyena qaydaları barədə müntəzəm məlumatlandırılır.
Bakı Nəqliyyat Agentliyi (BNA), “Xaliq Faiqoğlu” sərnişindaşıma şirkəti də sərnişinlərin sağlamlığının daha da qorunması məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir. Gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan bir avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir.
Azərbaycan turizm sahəsində kifayət qədər üstünlük təşkil edir. Bu məqsədlə turist axınını nəzərə alan “Azərbaycan Hava Yolları” QSC sərnişinlərin sağlamlığını qorumaq üçün dezinfeksiya tədbirləri həyata keçirir. Belə ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektləri dezinfeksiya edilir. AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib.
Sutka ərzində dörd dəfə qeydiyyat zonalarında, tualetlərdə, sərnişinlər üçün nəzərdə tutulmuş otaqlarda bütün səthlərin, habelə sərnişinlərə və onların baqajlarına xidmət göstərən işçi heyətinin geyim və ayaqqabılarının dezinfeksiyası təmin edilir.
Xatırladaq ki, koronavirusa yoluxan insanlardan 40 mindən çoxu aparılan müalicələr nəticəsində sağalıb.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan yaradır.
Könül Cəfərli
Rəylər