Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Almaniyada işləyən azərbaycanlı həkim: “96 yaşlı xəstəm əllərimdən tutdu, sağalmaq istədiyini dedi” - MÜSAHİBƏ
Oxu.Az-ın suallarını Almaniyanın Münhen Universiteti xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında işləyən azərbaycanlı həkim Uğur Ağamalıyev cavablandırıb.
- Azərbaycanda hansı universitetdə təhsil almısınız? Necə oldu ki, Almaniyaya getdiniz?
- Mən 601 bal toplayaraq, Azərbaycan Tibb Universitetinə (ATU) qəbul oldum. Almaniyaya getməyim isə gözlənilməz oldu. Çünki əvvəl elmi tədqiqat üçün ABŞ-a getməyi planlaşdırırdım. Tələbə yoldaşım isə Almaniyada elmi tədqiqatla məşğul olmağı məsləhət gördü. Elə alındı ki, məzun olduqdan sonra Almaniyanın Mannheim Tibb Fakültəsinin Cərrahiyyə Klinikasında elmi işlə məşğul olmağa başladım. Mövzum mədəaltı vəzi xərçənginin patogenezinin molekulyar səviyyədə öyrənilməsi idi.
- Alman dilini bilmədən həkim işləyə bildinizmi? Yəni, Almaniyada olan xəstələrin hamısının ingilis dili bilməsi mümkün deyil. Ünsiyyət məsələsini necə həll etdiniz?
- Almaniyada elmi işlə məşğul olduğum müddətdə alman dilini fərdi şəkildə öyrənməyə başladım. Bu, mənim qürurla dediyim bir şeydir. Heç bir kursa getmədən, videolar izləyərək, elektron vəsaitlərlə bir il ərzində orada həkim işləmək üçün tələb edilən sertifikat imtahanından uğurla keçdim. Həmin vaxt mənim bir daha fərqinə vardığım o oldu ki, hər işdə, eləcə də dil öyrənməkdə əsas məsələ daimi şəkildə hazırlaşmaqdır. Elmi işi yekunlaşdırdıqdan sonra həkim kimi işləməyə başladım. Hazırda Münhen Universiteti xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında həkim işləyirəm.
- Xəstələrlə işləməkdə çətinlik çəkirdiniz? Çünki alman dilini sonradan öyrənmisiniz.
- Açığı, ilk vaxtlarda hamı kimi məndə də çətinliklər olurdu. Bəzən xəstə danışanda başa düşməkdə çətinlik çəkirdim. Bir şeyi bir neçə dəfə və ya fərqli şəkildə, ya da qəbul etdiyi dərmanları soruşaraq, problemlərin öhdəsindən gəlməyə çalışırdım. Amma hazırda belə hallarla rastlaşmıram.
- Dediniz ki, Almaniyada elmi işlə məşğul olurdunuz. Neçə elmi məqaləniz dərc edilib? Klinikada çalışan yeganə azərbaycanlısınız?
- İndiyədək müxtəlif beynəlxalq jurnallarda mədəaltı vəzi və öd yolu xərçəngi haqqında dörd elmi məqaləm dərc edilib. Münhen Universiteti xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında təxminən 70 həkim çalışır və onlar arasında yeganə azərbaycanlı mənəm. Amma bu, mənim üçün elə də önəm daşımır. Çünki dünyanın müxtəlif ölkələrində, müxtəlif sahələrdə çalışan yüzlərlə həmyerlimiz var ki, onlar da işlədikləri yerdə yeganə azərbaycanlıdırlar.
Ona görə də, bizim klinikada işləyən yeganə azərbaycanlı olmağım çox da əhəmiyyətli bir məqam deyil. Əksinə, Almaniyada bizim klinikadan başqa, Berlin və Heydelberq klinikaları da böyük nüfuza malikdir. Təəssüf ki, hələlik məndən başqa belə böyük cərrahiyyə və transplantologiya mərkəzlərində çalışan soydaşlarımız yoxdur. Halbuki, belə mərkəzlərdə daha çox soydaşımızın çalışması faydalı olardı.
- Transplantologiya klinikasında çalışırsınız. Almaniyada orqan bağışlama prosesi necə həyata keçirilir? Azərbaycanda orqan bağışlamaq üçün qanun üzərində müzakirələr aparılsa da, bu məsələ ilə bağlı qanun hələ qəbul olunmayıb.
- Hazırda dünyanın bir çox ölkələrində postmortal (ölümdən sonra) orqan bağışlanması, yəni beyin ölümü gerçəkləşdikdən sonra orqan bağışlanması yolu ilə yüzlərlə, minlərlə transplantasiya əməliyyatı həyata keçirilir. Azərbaycanda isə indiyədək belə bir əməliyyat icra olunmayıb. Hazırda ölkəmizdə qaraciyər, böyrək çatışmazlığından əziyyət çəkən kifayət qədər insan var.
Əgər hansısa səbəblərdən canlı donordan orqan bağışlanması baş tutmursa, postmortal orqan bağışlanması bu insanlara həyat bəxş edə bilər. Ona görə də, postmortal orqan bağışlanmasının Azərbaycanda tətbiqi çox insanın həyatının xilas olunması deməkdir. Ancaq bizdə insanların beyin ölümü gerçəkləşdikdən sonra yaxınlarının onun orqanlarının bağışlanmasını istəmədiklərini müəyyən qədər başa düşürəm. Çünki insanlar bu barədə az məlumatlıdırlar.
- Bəs ölən insandan əməliyyatla götürülən orqan neçə saat işlək vəziyyətdə qala bilir?
- İşemiya vaxtı dediyimiz bir şey var ki, bu da orqanın götürüldükdən sonra nə qədər müddət transplantasiya üçün yararlı olduğunu göstərir. Bu, mədəaltı vəzdə 10, qaraciyərdə 12, böyrəkdə isə 24 saatdır. Yəni, beyin ölümü gerçəkləşmiş birindən böyrək götürülürsə, maksimum 24 saat ərzində transplantasiya edilməlidir.
- Sizcə, orqan köçürülməsi ilə bağlı Azərbaycanda yeni bir qurum yaradılmalıdırmı?
- Əgər Azərbaycanda da beyin ölümü gerçəkləşmiş donorlardan orqan transplantasiyası həyata keçiriləcəksə, bunun üçün mütləq ayrıca bir quruma ehtiyac var. Belə bir qurumda sadəcə transplantoloqlar yox, eyni zamanda, digər sahələrdən olan həkimlər, xüsusən hepatoloq, anestezioloq, nefroloq, kardioloq çalışmalıdır.
Hansısa klinikada bir xəstədə beyin ölümü gerçəkləşərsə, ilkin olaraq bu qurum məlumatlandırılmalıdır. Həmin qurumda orqan növbəsində gözləyən insanların daim yenilənən siyahısı olmalıdır. Beləliklə, postmortal orqan transplantasiyası vahid mərkəzin təşkilatçılığı ilə həyata keçirilə bilər.
Ancaq belə bir transplantoloji sistemi yaratmaq üçün dünyanın digər ölkələrinin təcrübələrindən yararlanmaq, onlarla yaxından əməkdaşlıq etmək lazımdır. Bundan əlavə, eyni zamanda, cəmiyyət də maarifləndirilməlidir. Bizim kimi ölümün və eyni zamanda, ölünün bir növ müqəddəsləşdirildiyi cəmiyyətlərdə bu, asan olmur. Buna ancaq uzunmüddətli maarifləndirmə və insanların etibarını qazanan bir qurum sayəsində nail olmaq olar.
- Orqan köçürüldükdən sonra insan nə qədər müddət yaşaya bilir?
- İnsanlar var ki, üç dəfə böyrək transplantasiyası keçiriblər. Biz daha çox beyin ölümü gerçəkləşmiş insanlardan götürülmüş orqanları transplantasiya edirik. Çox az halda kimsə qaraciyərini öz qohumuna bağışlayır. Ümumiyyətlə, orqan transplantasiyası ya canlı donordan, ya da beyin ölümü gerçəkləşmiş donordan orqan götürməklə həyata keçirilə bilər.
Açığı, tədqiqatlar göstərir ki, adətən, canlı donordan götürülmüş orqanın transplantasiyadan sonrakı funksiyası daha yaxşı olur, nəinki beyin ölümü gerçəkləşmiş donordan götürülmüş orqanın. Çünki bu zaman işemiya vaxtı nisbətən çox qısa olur. Misal üçün, bir klinikada anadan orqan götürülür və çox vaxt keçmədən digər əməliyyat zalında övladına köçürülür.
Postmortal orqan bağışlanması zamanı isə orqan donordan götürüldükdən başqa şəhərə, hətta helikopterlə başqa ölkəyə aparılır. Transplantasiya üçün uzun müddət tələb edilir. Bizim etdiyimiz sonuncu böyrək transplantasiyası zamanı böyrəyin işemiya vaxtı təxminən 18 saat idi. Amma transplantasiya uğurla həyata keçdi və xəstənin qəbul etdiyi böyrək hazırda normal işləyir.
- Orqan köçürülməsindən sonra insanların həyat tərzi necə olur? Ölüm riski neçə faizdir?
- Orqan köçürülmüş insanlar ömür boyu immunsupressiv dərman preparatları qəbul etməlidirlər. Ona görə də, bu xəstələrin infeksion xəstəliklərə yoluxması daha ağır keçir. Eyni zamanda, yaraların sağalması da həmin xəstələrdə problemli ola bilər.
Hər bir əməliyyatda olduğu kimi, transplantasiya zamanı da müxtəlif ağırlaşmalar baş verə bilər. Əməliyyat zamanı və ya əməliyyatdan sonrakı 24 saat ərzində ölüm riski qaraciyər transplantasiyası ilə müqayisədə böyrək transplantasiyasında çox aşağıdır. Amma qeyd etmək lazımdır ki, transplantologiyanın son 20-30 ildəki inkişafı sayəsində transplantasiya zamanı ölüm halları çox aşağı səviyyəyə düşüb.
- Siz “Facebook” səhifənizdə “Vikipediya”da Azərbaycan dilində xəstəliklərlə bağlı geniş məlumatların olmadığından şikayətlənmişdiniz...
- Bəli. “Vikipediya”da Azərbaycan dilində xəstəliklərlə bağlı məlumatlar çox məhduddur. Xüsusən, geniş tibbi məqalələrə ehtiyac var. Çalışıram ki, ən azı öz sahəm üzrə, xüsusilə onkoloji cərrahi xəstəliklər haqqında “Vikipediya”ya məlumatlar əlavə edim. Bir neçə xəstəliklə bağlı bunu etmişəm. Vaxt olduqca, çalışıb qısa məqalələrlə başlayıb, sonradan təkmilləşdirmək olar. Digər dostları, xüsusilə həkim yoldaşları bu işdə fəal olmağa dəvət edirəm.
- Azərbaycana qayıtmağı planlaşdırırsınızmı?
- Açığı, növbəti 10 ildə ölkəyə qayıtmağı düşünmürəm. Demək olar, hər il bizim klinikadan bir nəfər başqa klinikaya rəhbər təyin edilir. Bizim klinika kimi, Berlin və Heydelberq universitet xəstəxanaları bir növ digər klinikalar üçün direktor yetişdirirlər.
Ola bilər ki, gələcəkdə mənim üçün də belə təklif olsun. Azərbaycandan belə bir təklif olsa, böyük bir klinikada Avropa cərrahiyyə məktəbini qura və ya inkişaf etdirə biləcəyimi düşünsəm, ola bilər ki, vətənə qayıdım. Ancaq transplantoloji və onkoloji cərrahiyyə sadəcə, bir nəfərin öhdəsindən gələcəyi iş deyil.
Buna görə də, Azərbaycana gələcəyim təqdirdə təcrübəli komanda ilə işləmək istəyərəm. Bundan əlavə, elmi tədqiqat üçün lazımi şəraitin yaradılacağına da əmin olmalıyam. Düzünü deyim ki, xırda əməliyyatları icra etmək və ya hansısa vəzifə sahibi olub kabinetdə oturmaq üçün Azərbaycana gəlmək istəmərəm.
- Gün ərzində neçə əməliyyat edirsiniz? Komanda neçə nəfərdən ibarətdir?
- Klinikamızda gün ərzində 8-10 planlı xərçəng əməliyyatı icra edilir. Bundan əlavə, il ərzində yüzdən çox qaraciyər və böyrək transplantasiyası, 10-15 mədəaltı vəzin köçürülməsini icra edirik. Əməliyyatda isə, adətən, üç-dörd nəfər oluruq.
- Sizin çalışdığınız klinika metastazlaşmış xərçəng xəstəlikləri üzrə Avropa mərkəzidir. Yəqin ki, ağırlaşmış xərçəng xəstələriniz çox olur...
- Bizdə ayrıca olaraq onkoloji xəstələrin qəbul günü olur. Hansı xəstələrə həmin diaqnoz qoyulubsa, bizə yönəldilir. Belə xəstələrlə kontakt, təbii ki, ağırdır. İstər-istəməz, insan işinin bir hissəsini özü ilə evə aparır.
Bəzən xəstələr əməliyyatdan sonra daha nə qədər yaşaya biləcəklərini soruşurlar. Və ya bəzi xəstələrdə əməliyyat mümkün olmur, hansı ki, yeganə müalicə metodu sayılır. Elə olan hallarda xəstələrin suallarını cavablandırmaq heç də asan olmur. Amma bu cür xəstələr həm də psixoloji yardım alırlar.
- Xərçəng xəstələrinin sağalma ehtimalı nə zaman yüksək olur?
- Burada xərçəng xəstəliyinin ilkin diaqnoz vaxtı önəmlidir. Xəstələr bizə müraciət edəndə, təəssüf ki, əksər hallarda müəyyən səbəblərdən xəstəlik artıq irəliləmiş olur. Onların xəstəliyin gecikmiş mərhələsində müraciət etmələri həm xəstədən, həm də xəstəlikdən asılıdır. Mədəaltı vəzin xərçəngi diaqnozu ilə müraciət edən xəstələrin sadəcə, 20 faizi əməliyyat oluna bilər.
Həmin xəstələrin sağalma şansı yalnız əməliyyatdır. Bu mümkün olmadıqda xəstələrə kimyaterapiya və ya şüa terapiyası tətbiq edilir. Bu da daha çox xəstənin ağrılarının azaldılmasına, həyatının nisbətən yaxşılaşmasına və xəstəliyin sürətlə inkişafının qarşısının alınmasına xidmət edir.
Xəstələrin gecikmiş mərhələdə müraciət etmələrinin səbəbi odur ki, mədəaltı vəzdə şişin ölçüsü kiçik olduğu müddətdə nadir halda simptomlar özünü büruzə verir. Ancaq şiş böyüdükdən sonra xəstələr həkimə müraciət edirlər. Və yaxud da, bəzən xəstələrin bağırsağında problemlər olur, nəcisində qan görür, amma buna əhəmiyyət vermir. Bir müddət sonra artıq bağırsaq keçməzliyi yarananda həkimə müraciət edir.
Həmin vaxtda da əməliyyat etmək gecikir. Mən insanları qorxutmaq istəmirəm. Bu o demək deyil ki, hər nəcisində qan görülən insan xərçəng xəstəsidir. Sadəcə, belə olan halda, xüsusilə yaşı 60-dan yuxarı olan şəxslər mütləq həkimə müraciət etməlidirlər.
- İşlədiyiniz dövrdə yadınızda qalan bir hadisə olubmu?
- Hadisələr çox olur. Daha çox yadımda qalan bir hadisə 96 yaşlı qadın xəstə ilə bağlıdır. Bir dəfə gecə növbəsində olarkən, tibb bacıları mənə zəng etdi ki, bu xəstə mütləq həkimlə danışmaq istəyir. Xəstənin otağına daxil olduqda o, gözləri dolmuş şəkildə əllərimdən tutub xahiş etdi ki, sağalmağına kömək edim.
Yaşının çox olmasına baxmayaraq, hələ də əqli qabiliyyətinin yerində olduğunu və daha çox yaşamaq istədiyini dedi. Halbuki, bizdə 60 yaşlı bir insan uzun müddət ürək ağrısından şikayətlənsə də, yaşının çox olduğunu və özlərinin dediyi kimi, “vaxtlarının keçdiyini” düşündükləri üçün həkimə müraciət etmək istəmirlər. İstəyərdim ki, bizim insanlarımızda da həyat eşqi hər zaman yüksək olsun.
- Azərbaycanda həkimlərin maaşları arasında astronomik fərqlər var. Deyilənə görə, inkişaf etmiş ölkələrdə bu kimi böyük fərqlərin qarşısını almaq üçün müəyyən tənzimləmələr aparılıb. Almaniyada vəziyyət necədir? Oradakı həkim maaşları arasında da fərqlər çoxdur? Yoxsa bir-birinə yaxın rəqəmlərdir? İstərdik, bu barədə məlumat verəsiniz.
- Almaniyada maaşlar standartdır, balans pozulmur. Sadəcə olaraq, klinikaların rəhbərləri özəl siğortalı xəstələrdən əlavə gəlir əldə edə bilirlər. Bizim sahədə isə etdiyimiz transplantasiyalara görə, ayrıca ödəniş edilir.
- Azərbaycan və Almaniyanın səhiyyə sisteminin fərqi barədə danışardınız.
- Almaniya səhiyyə sistemi və tibb məktəbi Azərbaycanla müqayisədə daha təcrübəlidir. Azərbaycanda hazırda iki tibb məktəbi mövcuddur. Biri sovet və ondan bəhrələnmiş köhnə tibb məktəbi, digəri isə Türkiyədən gəlmiş həmkarlarımız hesabına yaranmağa başlayan Türkiyə məktəbi.
Düşünürəm ki, özümüzün müasir tibb məktəbimiz hələ ki, tam formalaşmayıb. Bu da başa düşüləndir. Çünki müasir tibb məktəbi eyni zamanda, müasir elmi tədqiqatla köklü şəkildə məşğul olmalıdır. Bizdə kimya və ya biologiya sayəsində bu sahədə müəyyən işlər görülsə də, klinikada çalışan həkimlərin çox az qismi eksperimental elmi işlə məşğul olurlar. Məncə, bu da üzərində çalışılmalı olan mühüm mövzulardan biridir.
Digər fərqlərdən biri isə icbari tibbi sığorta məsələsidir. Azərbaycan son bir ildir ki, icbari tibbi sığorta sisteminə keçid edib. Halbuki, Almaniyada bu sistem çoxdan mövcuddur. Ölkəmizdə bu sahədə artıq pilot layihələr yekunlaşıb və bir çox bölgələrdə də uğurla tətbiq edilir. Amma düzünü deyim ki, bu barədə qəti bir söz demək üçün hələ bir müddət gözləmək lazımdır.
- Ölkəmizdə bəzi klinikalarda həkimlər əməliyyat zamanı video, yaxud şəkillərini çəkib, paylaşırlar...
- Məncə, xəstənin razılığı olduqdan sonra əməliyyat zamanı videoçəkilişin edilməsində problem yoxdur. Biz beynəlxalq bir konfrans zamanı əməliyyatxanadan canlı yayım etmişdik. Burada qeyri-adi bir hal olduğunu düşünmürəm.
Qeyd edim ki, mən Azərbaycanda olduğum bu bir neçə gün ərzində televiziyada ancaq həkimlərin reklamını gördüm. Halbuki, reklam ödənişli bir şeydir. Kimsə yaxşı həkim olmasa belə, ödəniş vasitəsilə özünü reklam edə bilər.
Ona görə də, tibbin ölkəmizdə bu cür biznes obyektinə çevrilməsini xoş hal hesab etmirəm. Ümid edirəm ki, həmin həkimlər ciddi şəkildə yoxlanıldıqdan sonra “reklam edilir”. Ya da ümid edək ki, bu cür hallar azaldılacaq.
İlhamə Əbülfət
Rəylər