Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Müddətsiz əlillik hansı hallarda verilir? - Nazir açıqladı
“Bir çox şəxslər məlumatsızlıqdan və ya bəzi məlumatların olmamasından əlilliyin təyinatı ilə bağlı müddətin bitməsini əlilliyin ləğv edilməsi kimi qiymətləndirirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, 2016-ci ildə qəbul edilmiş normativ akta görə müddətli əlilliyi olan şəxslərin əlillik müddətləri 5 il avtomatik uzadılıb:
“Bu, 2021-ci ildə bitib. Əlillik müddəti bitən şəxslər qanunvericiliyə müvafiq olaraq səhiyyə müəssisələrinə müraciət edərək müayinə olunmalı və əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir. Əlillik müddəti bitən şəxslərin sayı çoxdur. Bu, on minlərlə şəxsi əhatə edir.
Müddətli əlillik alan şəxslər sənədlərə baxmırlar, pensiya dayandıqdan sonra əlilliyin ləğv edilməsi kimi qeyd edirlər. Bu, doğru deyil. Müddətli əlillik geri dönməz hallara şamil edilmir. Geri dönməz haldırsa, hər hansı amputasiyadırsa, hər hansı orqanı itiribsə, müalicəsi olmayan xəstəlikdirsə, əlillik müddətsiz verilir. Reabilitasiya, müalicə olunan xəstəlik olduqda həmin əlillik müddətli təyin edilir”.
Nazir əlavə edib ki, əlillik müddəti cari ildə bitən şəxslər əlilliyə dair sənədlərinə diqqətlə yanaşmalı və əlillik müddətinin bitməsinə bir müddət qalmış səhiyyə müəssisələrinə müraciət edərək əlillik müddətinin uzadılmasına dair göndərişin (Forma-88) tərtib edilməsi üçün müayinələrdən keçməlidirlər.
Nazir qeyd edib ki, bəzən məlumatsızlıqdan sağlamlıq imkanları məhdud uşaqlarla bağlı eyni hal baş verir:
“Qanunvericilikdə, həm də beynəlxalq təcrübədə belədir ki, sağlamlıq imkanı məhdud şəxs 18 yaşına çatanda bu statusu bitir. Ondan sonra şəxs səhiyyə müəssisələrinə müraciət etməli və əlillik qrupu müəyyən edilməlidir.
Bu il əlillik müddətinin uzadılmasına dair müraciətlər çoxdur. Bu zaman kifayət qədər saxta hallara rast gəlinir. Əlilliyin təyin edilməsi ilə bağlı əksər imtinalar əyani müayinələrdən sonra həyata keçirilir. Əgər Forma 88-də hər hansı şübhə olarsa, həmin şəxs dəvət edilir, əyani müayinələrdən keçirilir”.
İlhamə Əbülfət
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"
- Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib
- Sabiq xanım deputata vəzifə verildi
Rəylər