“Sentyabr-oktyabr aylarından başlayaraq mövsümi xəstəliklər bir-birini əvəz edir. Bir mühitdə bir yox, bir neçə virus olur. Təəssüf ki, uşaqlar arasında xəstəliyin yayılma sürəti daha çoxdur”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, belə bir mühitdə koronavirus infeksiyası da sürətlə yayıla bilir:
“Simptomlar bənzər olduğundan bunu test verməklə yoxlaya bilirik. Eyni zamanda uşaqlar arasında da koronavirusun “Omikron” ştammının yayılması da müşahidə edilir”.
Həkimin sözlərinə görə, bu gün 12 yaşından yuxarı uşaqların vaksinasiyasına icazə verilib, lakin uşaqlar arasında vaksin edilənlərin sayı çox azdır:
“Qorunmayan şəxslər, o cümlədən uşaqlar arasında xəstəliyə rast gəlinir. Digər ölkələrin təcrübəsindən də buna izah vermək olur. Koronavirusun “Omikron” variantı orqanizmə hüceyrə vasitəsilə daxil olur. Nəzərə alsaq ki, uşaqlar risk qrupudur və iki il ərzində onların çox az hissəsi xəstələnmişdir. O səbəbdən də qabaqcıl ölkələr beş yaşından uşaqların vaksinasiyasını dəstəkləyiblər. Lakin bizdə təəssüf olsun ki, bu məsələ dəstəklənmədi. Odur ki, ümumi bir qanunauyğunluq var ki, hansı ştamm olur olsun, azyaşlılarda virus yüngül keçir”.
Könül Cəfərli
Rəylər