Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ağstafa rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
BDYPİ-dən daxil olan açıqlamada deyilir:
“Bu gün saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci km-də Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi “Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Ağstafa rayon sakinləri 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, 1966-cı il təvəllüdlü Əliyeva Mirvari Mikayıl qızı və paytaxt sakini 1962-ci il təvəllüdlü Nağıyev Mayıl Hüseyn hadisə yerində ölüb, sürücü Vüsal Həsənov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır”.
15:38
Bakı-Qazax magistralında baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan üç nəfərin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı 2003-cü il təvəllüdlü N.Qasımov, 1951-ci il təvəllüdlü Ə.Əmiraslanov və 1971-ci il təvəllüdlü M.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir:
“M.Əliyeva çənə nahiyəsindən xəsarətlər alıb. Yaralı Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkim müayinəsi zamanı digər yaralı N.Qasımovun baş beyin zədələnməsi, Ə.Əmiraslanova sağ ayağın sınığı, baş beyin zədələnməsi diaqnozu qoyulub. Onlar isə hazırda Ağstafada Rayon Mərkəzi Xəstəxanasında müalicələrini davam etdirirlər”.
14:57
Bakı-Qazax magistralında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üçə çatıb.
Oxu.Az-ın məlumatına görə, qəzada xəsarət alan Mirvari Vəliyeva xəstəxanada dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən saytımıza bildirilib ki, yaralıların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, qəza zamanı 1961-ci il təvəllüdlü Familə Fərman qızı Məmmədova və 1962-ci il təvəllüdlü Mayıl Nağıyev hadisə yerində həlak olublar.
13:18
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, “Mersedes Sprinter” markalı mikroavtobus yük maşını ilə toqquşub.
Baş verən qəza nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.
Faktla bağlı araşdırmalara başlanılıb.
İlhamə Əbülfət, Könül Cəfərli