29 
İyl
2022
14:56
311
63
13387
Virtual karabakh

Avtomobilə dini kəlam, aforizm, şəhid fotosu vuran sürücülərin NƏZƏRİNƏ! - FOTO

29 İyl, 2022
14:56
13387

Avtomobilə dini kəlam, aforizm, şəhid fotosu vuran sürücülərin NƏZƏRİNƏ! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt yollarında avtomobillərin üzərində müxtəlif xarakterli yazılar, şəkillər, bəzək ornamentləri və digər formalarda diqqəti yayındıran şəkillərin vurulduğu nəqliyyat vasitələrini görməmiş olmazsınız. 

Xüsusi reklam lövhəli şirkət avtomobilləri istisna olmaqla digər yazılar, fotolar kustar üsulla sürücülər tərəfindən vurulur. Bəzən avtomobilin üzərinə o qədər lüzumsuz ifadələr yazılır ki, bu, hərəkətdə olan digər nəqliyyat vasitəsinin sürücüsünün fikrini yayındırır.

Bu yazılar arasında dini kəlamlar, filmlərdən alınan replikalar, aforizmlər, hətta ağır tənqidi fikirlər belə var. 

Bu kimi hallar səbəbindən baş verən qəzaların sayı da az deyil. 

Bəs bu məqam “Yol hərəkəti haqqında” qanunla tənzimlənirmi?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında deyir ki, paytaxt yollarında hər gün reklam xarakterli, bəzən isə lüzumsuz ifadələr, şəkillər həkk olunmuş nəqliyyat vasitələrinə rast gəlirik:

“Avtomobillərə öz nömrəsini, “qaziyəm” sözünü yazmaq, şəhidlərin şəkillərini vurmaq - bu kimi hallar yolverilməzdir. Heç kim bizi yanlış anlamasın, şəhidlərimiz bizim üçün dəyərlidirlər. Lakin dəfələrlə şəhid ailələri DYP ilə əlaqə saxlayıb müxtəlif avtomobil nömrələri verirlər ki, filankəs sürücü mənim şəhid olan qardaşımın, qohumumun şəklini maşınına vurub, həmin maşınla da xuliqanlıq edir, qayda pozur, məsuliyyətdən yayınır, bu kimi davranışlarla şəhidin ruhuna hörmətsizlik edir, xahiş edirəm, o avtomobili saxlayıb şəhidimizin fotosunu çıxarmasını tələb edin. 

Eyni zamanda digər diqqət yayındıran fotolar, yazılar da yolverilməzdir. Bu cür formada avtomobili idarə etmək hərəkət iştirakçılarının diqqətini yayındırır, hətta bəzi hallarda reklam haqqında qanunvericiliyin tələblərini də pozur. Müxtəlif xarakterli yazılar, ifadələr isə ümumiyyətlə əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərlə sığmayan, ictimaiyyətin qınağına, kəskin ikrah hissinə, haqlı narazılığına səbəb olur.

Dövlət Yol Polisinin əsas vəzifəsi və qanuni səlahiyyət dairəsi hərəkətin təşkilini, təhlükəsizliyini qanun çərçivəsində təmin etməkdir. Bununla yanaşı, ictimai qaydanı qorumaq, bu prosesdə nizam-intizamın təmin edilməsi də tərəfimizdən həyata keçirilir. 

Sürücülərdən xahiş edirik ki, avtomobilin əsas təyinatını unutmasınlar. Kiminsə fikirlərini, istəklərini, baxışlarını ifadə etmək kimi arzusu, istəyi varsa, bunu qanun çərçivəsində, təyinatı üzrə etməli, özünə qarşı diqqət cəlb etmək məqsədilə ətraf mühitə, ictimaiyyətə yersiz informasiyalar ötürüb narazılıq yaratmamalıdır.

Belə sürücülərin diqqətinə çatdırırıq ki, avtomobilin üzərinə lüzumsuz ifadələr yazmaqdan yayınsınlar. Bu işlərin əvəzinə daha faydalı və vacib olan “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməyi, nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamağı və təhlükəsiz hərəkəti təmin etməyi tövsiyə edirik”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri