Argentina Futbol Assosiasiyası (AFA) milli komandadakı çıxışını başa vuran Lionel Messinin şərəfinə genişmiqyaslı aksiya keçirmək qərarına gəlib.
Oxu.Az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
Növbəti turun gedişində kişilər və qadınlar arasında keçirilən bütün daxili yarışların matçları düz 10-cu dəqiqədə dayandırılacaq. Meydandakılar və tribunalardakı azarkeşlər əfsanəvi hücumçunun parlaq karyerasına və Argentina millisinin tarixinə verdiyi əvəzsiz töhfəyə ehtiram əlaməti olaraq onu bir dəqiqə ərzində alqışlayacaqlar.
Qeyd edək ki, iyunun 24-də 39 yaşı tamam olan Messi milli komandanın heyətində ümumilikdə 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.