Nepalda baş verən şiddətli daşqınlar nəticəsində azı 22 min uşaq təmiz içməli su problemi ilə üzləşib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) bəyanat yayıb.
Təşkilatın açıqlamasında qeyd olunur ki, Nepalın Bhote-Koşi və Trişuli çayları hövzəsində qəfil başlayan daşqınlardan bir həftədən çox vaxt keçməsinə baxmayaraq, ən azı 22 000 uşağın təhlükəsiz içməli su, sanitariya və gigiyena dəstəyinə ciddi ehtiyacı var. Təbii fəlakət nəticəsində zərərçəkmiş bölgələrdə su təchizatı şəbəkələri və sanitariya qovşaqları sıradan çıxıb. Bir çox ailələr yaşadıqları evləri tərk etmək məcburiyyətində qalaraq, qohumlarının yanında və ya müvəqqəti sığınacaqlarda məskunlaşıblar.
UNICEF-in məlumatına əsasən, belə şəraitdə yoluxucu xəstəliklərin yayılma təhlükəsi əhəmiyyətli dərəcədə artır. BMT Fondu artıq Nuavakot və Rasuva bölgələrində 19 minə yaxın insanın su və gigiyena tələbatını ödəmək məqsədilə müvafiq vəsaitlər ayırıb. Yerli əhaliyə su təmizləyici vasitələr, su saxlamaq üçün çənlər, gigiyenik ləvazimatlar və digər zəruri materiallar paylanılıb.
Xatırladaq ki, avqustun sonlarında Nepalda qeydə alınan daşqınlara yüksək Himalay dağlarında nəhəng buzlaq və qaya parçalarının qırılması səbəb olub. Nəhəng buz və daş kütləsi Langtang Milli Parkı ərazisində və Tibetlə sərhəd zolağında yerləşən Lende çayına (Bhote-Koşi və Trişuli çayları hövzəsi) tökülüb. Təbii fəlakətin fəsadları nəticəsində həyatını itirənlərin sayı 1 252 nəfərə çatıb. Daha 4 875 nəfər isə itkin düşmüş hesab olunur.