Abşeron rayonunun Xırdalan şəhərində mərkəzi yolda aparılan təmir işləri avtomobillərin hərəkətini çətinləşdirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.
Qeyd olunub ki, təmir işləri çərçivəsində yolun qazılması nəqliyyatın hərəkətinə maneə yaradıb. Sürücülər yaranan sıxlıq səbəbindən yolda uzun müddət tıxacda qalmalı olduqlarını bildiriblər.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidə kanalizasiya xətlərinin tikintisi işləri aparılır.
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və kanalizasiya-infrastrukturunun müasirləşdirilməsi məqsədilə həyata keçirilən mühüm proseslərdən biri olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi layihəsi çərçivəsində işləri davam etdirir.
Layihə Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində Xırdalan şəhərinin Heydər Əliyev, Həsən Əliyev, Rəşid Behbudov küçələrində diametri 1 600-1 400-1 200- mm, uzunluğu 3 296 metr olan kanalizasiya xətlərinin tikintisi işlərinə başlanılıb. Tikinti işləri mərhələli şəkildə aparılacaq. Görülən işlər müasir infrastruktur təminatına, yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, həmçinin su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək", - deyə məlumatda bildirilir.