Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Global Media Group”un Azərbaycan təbiətinə töhfəsi: “Hər birimiz bu aksiyalara qoşulmalıyıq” - FOTO
“Global Management” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Oxu.Az xəbər verir ki, “Global Media Group”un təşəbbüsü, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil edib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə bir sıra rəhbər şəxslər və media nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, ilin sonuna respublika üzrə beş milyon ağacın əkilməsi planlaşdırılır:
“2024-cü il ərzində ölkə ərazisində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi planlaşdırılır. Artıq fevral ayından etibarən Abşeron yarımadasında, eləcə də digər ərazilərdə ağacəkmə aksiyaları keçirilir. Bu işdə yerli icra hakimiyyəti orqanlarının, həmçinin digər aidiyyəti qurumların nümayəndələri də iştirak edirlər. Abşeron yarımadasında yerli iqlim şəraitinə yaxşı uyğunlaşa bilən şam və zeytun tingləri əkilib.
Hədəfimiz ilin sonuna kimi ölkə ərazisində beş milyon ağacın əkilməsidir. Bu işlərin böyük hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı xidmətinin balansında olan ərazilərdə həyata keçiriləcək. Məqsədimiz ölkə ərazisində yaşıllıq sahələrinin artırılmasıdır. Bu ərazilər damcı suvarma sistemləri ilə təchiz edilib. Abşeron yarımadasında əkilən ağacların 95 faizdən yuxarısı artıq müsbət nəticə verib”.
“Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət Departamentinin direktoru Günel Qureyşi Oxu.Az-a açıqlamasında Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu diqqətə çatdıraraq hər kəsin yaşıl dünya naminə təşəbbüslərə qatılmasının vacib olduğunu bildirib:
“Bu aksiyaya görə “Global Media Group”a təşəkkür edirəm. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar hər birimiz bu aksiyalara qoşulmalı, paytaxt Bakımızı yaşıllaşdırmaq üçün birgə layihələr həyata keçirməliyik. Bu aksiyaya qoşulan bütün şirkətlərə, rəhbər heyətə təşəkkür edirəm. Ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətimizi gücləndirmək üçün “Global Media Group” tərəfindən təşkil olunan ekoloji aksiyada iştirak etməkdən böyük məmnunluq duyuruq”.
“Global Management”in Marketinq və Satış Departamentinin direktoru Laura Seyidbəyova isə bildirib ki, aksiya ekoloji davamlılıq məqsədi ilə təşkil edilib:
“Global Media Group”un, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı ilə gerçəkləşdirilən aksiya təbiətin qorunmasına xidmət edir. Birbaşa olaraq “Global Management”in davamlılıq siyasətini təşkil edir. Aksiya bizim silsilə tədbirlərimizdən biridir. Bu cür tədbirlərin gələcəkdə də həyata keçirilməsi planlaşdırılır”.
Qeyd edək ki, dayanıqlı iqtisadiyyatın təmin edilməsinə daim xüsusi diqqət ayıran “Global Management” şirkəti ISO-14001 standartlarına uyğun olaraq və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə sadiq qalaraq, iqlim dəyişikliyi, resurs və enerji səmərəliliyinin təşviqi, ekoloji cəhətdən təhlükəsiz iş yerlərinin təmin edilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması kimi davamlı istehlak və istehsal modellərinə keçidi dəstəkləyir.
Şirkət müxtəlif maraqlı tərəflərin iştirakını və bütün təchizat zəncirində sistemli əməkdaşlığı təmin etməklə davamlılıq prinsipinin həyata keçirilməsində mühüm rol oynayır.
Xatırladaq ki, “Global Management” şirkəti beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri vasitəsilə müştərilərin bizneslərinin inkişafı üçün yenilikçi və effektiv həllər təklif edir.
Şirkət maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat, İT (informasiya texnologiyaları), hüquq, İR (insan resursları) və kargüzarlıq, SƏTƏM, keyfiyyət təminatı və keyfiyyətə nəzarət sahələrində autsorsinq xidmətləri təklif edir.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
Rəylər