26 
Fev
2024
20:08
11
186
2914
Virtual karabakh

Xocalı şahidi: “Erməni qadınlar oğullarına oxşayan azərbaycanlıların başlarını kəsirdilər” - MÜSAHİBƏ + FOTO

26 Fev, 2024
20:08
2914

Xocalı şahidi: “Erməni qadınlar oğullarına oxşayan azərbaycanlıların başlarını kəsirdilər” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşaqlıqda qəribə bir hiss vardı məndə, istəyirdim ki, əsir düşüm, mənə işgəncə versələr də, heç nəyi boynuma almayım...”

Bu sözləri Oxu.Az-a müsahibəsində Xocalı faciəsinin şahidi, əsirliyin dəhşətlərini görən Hüseynağa Quliyev deyib. Onunla müsahibəni təqdim edirik:

- Hüseynağa bəy, Xocalı qətliamı törədilən zaman hərbidə idiniz?

- Mən 1966-cı ildə Xocalı şəhərində anadan olmuşam. Orada yaşayıb, təhsil almışam. Evin tək oğlu idim. Sovet vaxtı tək uşaqları əsgər aparmırdılar. Mən də əsgər getməmişdim. Birinci Qarabağ müharibəsi başlayanda könüllü getdim. 25 yaşım var idi. Yazdım ki, şəhid olsam, əsir düşsəm və ya yaralansam, heç kim məsuliyyət daşımır. Mən torpaqlarımı qoruyacağam.

- Fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu. Həmin vaxt baş verənləri sizin dilinizdən eşidək.

- Xocalıya üç dəfə hücum etmişdilər. Qarşısını aldıq. Gücləri çatmadı. Xocalıda az sayda adam olsa da, biz on-on beş nəfərlə yüz erməni quldurun qarşısını kəsə bilərdik. O ürək var idi. Faciəni xatırlamaq çox çətindir. O vaxt Xocalıda peşəkar hərbi döyüşçülərimiz olmadığından, könüllü dəstələr yaradılmışdı. Köməksiz, yardımsız müdafiə olunurduq. Kənardan hərbçilər göndərməmişdilər. Azərbaycan ordusu hələ formalaşmamışdı. Ona görə də hərbi sahədə pərakəndəlik vardı. Xocalının könüllülərdən ibarət batalyonunun daimi komandiri yeganə hərbçimiz, Milli Qəhrəman Tofiq Hüseynov idi. Mən də həmin könüllülər dəstəsinin üzvü idim. Silahımız yox idi. Amma ürəyimiz var idi. Xocalını almaq üçün 100-dən çox texnika cəlb olunmuşdu. Bizim isə bir avtomatımız var idi.

Fevralın 25-də, təxminən axşam saat 6 radələrində eşitdik ki, 366-cı motoatıcı alay Xocalını mühasirəyə alır. Həmin saatdan başlayaraq bütün postları mühasirəyə aldılar. Saat 21:30-da isə top atmağa başladılar. Top zərbələrindən yer titrəyirdi. Əsas hücumlar da texnika ilə oldu. Düşmənin istifadə etdiyi PDM-lərin, ZTR-lərin, tankların, topların qarşısına yalnız o gücdə silahlarla çıxılmalıydı.

Bir saat çəkmədi ki, 200-ə yaxın şəhid verdik. Bütün postdakıları qırdılar. Qərara aldıq ki, qadınları meşəyə çıxaraq. Ermənilər qadına, uşağa baxmadan hər kəsi güllələyirdilər.

- Necə oldu ki, əsir düşdünüz?

- Uşaqlıqda qəribə bir hiss vardı məndə, istəyirdim ki, əsir düşüm, mənə işgəncə versələr də, heç nəyi boynuma almayım...

Xocalıda həmin vaxt güclü qar yağmışdı. Amma qanın rəngindən qıpqırmızı idi. Qaçıb qurtula bilmədik. Dağın döşünə çatanda gülləbarana tuş gəldik. Bəzilərini öldürdülər, bəzilərini də əsir götürdülər. Məni PDM-lə vurdular, sonra da ailəm, iki yaş yarımlıq əkiz oğlanlarımla birgə əsir aldılar. Olmazın işgəncələr verdilər bizə. Artıq can verirdim. Ermənilər öləcəyimi düşünüb məni diri-diri ocağa atıblar. Amma əynimdə buşlat, ayağımda da çəkmə vardı. Paltarlarımın yanıq qoxusunu duyan digər azərbaycanlı əsirlər məni alovun içindən çəkib çıxarıblar. Döyülməkdən huşum özümdə olmayıb, nə yandığımın, nə də xilasımın fərqində olmuşam. Səhər soyuğun təsirindən ayılmışam. Əynimdəkiləri soruşanda başıma gələnləri danışıblar...

Hər gün döyürdülər, qan içində olurdum. Buzun üzərində saxlayırdılar. Bədənim donurdu, qalxa bilmirdim. Uşaqlarımı gətirib, soruşdular ki, sənindir? Dedim, uşağım yoxdur. Adamların uşağını gətirib öldürməklə qorxudur, başqalarının haqqında məlumat almağa çalışırdılar.

Mən, onsuz da, satmayacaqdım heç kimi, uşağı qurban edərdim, amma heç nə deməzdim. O halda idim ki, övladım məndən qorxdu, tanımadı, erməninin ayağından yapışdı. Uşağımın başını kəssəydilər də, deməyəcəkdim.

- Düşmən nələri öyrənmək istəyirdi?

- Yolları, silahın olub-olmadığını, harada gizlətdiyimizi. Axtarılan adamların siyahısını qarşıma qoyurdular ki, tanıyırsan? İnkar edirdim.

O zülmlərə necə qatlaşdım, bilmirəm. Ağacla döyürdülər. Çənəmi, qollarımı, ayaq barmaqlarımı qırdılar. Zülm verdilər. Axırda gətirib ağzıma silah saldılar ki, danışım, adamları satım. Amma heç nə demədim.

Əsirlikdə olanda olmazın vəhşiliklər gördük. Ermənilər adamların ürəyini sağ ikən çıxarırdılar. Bir gündə on nəfərin başını kəsirdilər. Erməni qadınlar gəlib deyirdilər ki, qurban aparıram. Başları qadınlar özləri kəsirdilər. Deyirdilər ki, oğluma oxşayır, qurban kəsirəm. İnsan doğramaqdan həzz alırdılar. Adamların gözlərini çıxarırdılar.

- Neçə gün əsirlikdə qaldınız?

- Səkkiz gün. Komaya da düşmüşdüm. Öldüyümü sanıb morqa atmışdılar. İki gün sonra demişdilər ki, gəlib meyiti aparsınlar. Başım qan içində imiş. Anam üzümü açdırıb, deyib, sağdır.

Mənim beyin sümüyüm qırılıb, içəri girib. Bütün bədənim iflic olmasın deyə həmin sümüyü çıxarıb yerinə bərpa etmədilər. 1992-ci ildən Bakıdayam. Müalicə üçün Almaniyaya da getdim. Mümkün olmadı. Ombam çat vermiş, sinir zədələnmişdi. Üç dəfə əməliyyat keçirtdim. Sinirim bərpa olunmadı. Ayaqlarım qatlanmır.

- Hər il bu günü necə qarşılayırsınız?

- Hər gün Xocalını yaşayıram. Unutmaq olmur. O vaxt birlik yox idi. Bizim dövrümüzdə belə deyildi, indiki kimi birlik olsaydı, düşməni əliyalın Ermənistana qədər qovardıq. Şəhid vermişdik. Amma alnımızda sanki qara ləkə ilə gəzirdik. Xəcalət çəkirdik. Bu gün hamısını geridə qoyduq.

- 2020-ci ildə müharibə başlayanda hansı hissləri keçirdiniz?

- Vətən müharibəsi başlayanda mən də kəşfiyyatçı kimi orduya yazıldım. Oğlanlarım da iştirak ediblər. İndi torpaqlarımız azaddır. Quruculuq işləri gedir. Oğlanlarımın hər ikisi Xocalıya qayıtmaq istəyir. Onlar Xocalıdan çıxanda ağılları kəsmirdi, torpağa sevgini onlarda mən yaratmışam. Vətən bir olur. Beş nəfər sənə analıq edə bilər, amma uğrunda ölmək üçün Vətən bir dənədir. Analar yaşasınlar deyə Vətən üçün canını verirsən. İmanın yoxdursa, Vətəni sevə bilməzsən.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri