Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov iyunun 11-12-də Almaniyanın Əsas Dəyərlər və Beynəlxalq Anlaşma Fondunun təşkilatçılığı ilə keçirilən 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edib.
Komitədən Oxu.Az-a verilən məlumata görə, toplantının "Dini etiqad azadlığının qorunması və təşviqi" mövzusuna həsr olunmuş panel iclasında çıxış edən komitə sədri bildirib ki, qlobal miqyasda artan qütbləşmə, mədəni ziddiyyətlər və rəqəmsal dezinformasiya cəmiyyətlər arasında etimadın zəifləməsinə səbəb olur, dini icmalar, xüsusilə azlıq təşkil edən qruplar isə daha həssas vəziyyətlə üzləşirlər. O qeyd edib ki, dini etiqad azadlığının təmin olunması yalnız beynəlxalq hüquqi mexanizmlərlə deyil, eyni zamanda, dövlətlərin ardıcıl siyasəti və cəmiyyətdə formalaşmış tolerantlıq mühiti ilə mümkündür.
Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq ölkəmizdə bütün dini icmalar üçün bərabər imkanlar yaradılıb, onların fəaliyyəti dövlət tərəfindən dəstəklənir, ibadət yerlərinin tikintisi və bərpası, tarixi-dini irsin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilib ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur və əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinə əsaslanır. Dini konfessiyalara göstərilən maliyyə dəstəyi dövlət-din tərəfdaşlığının mühüm təzahürlərindən biridir.
Komitə sədri dini radikalizm, ekstremizm və dini inancların siyasi məqsədlər naminə istismarına qarşı mübarizədə maarifləndirmənin xüsusi əhəmiyyət daşıdığını, komitənin bu istiqamətdə müxtəlif layihələr, o cümlədən regional konfranslar həyata keçirdiyini diqqətə çatdırıb.
Ramin Məmmədov işğaldan azad edilmiş ərazilərdə mənəvi-mədəni irsin bərpası sahəsində görülən işlərdən bəhs edərək, tarixi məscidlərlə yanaşı, kilsələrin də eyni diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib.
Çıxışda, həmçinin vurğulanıb ki, Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi sahəsində əldə olunan uğurlara baxmayaraq, bəzi siyasi dairələrin bu nailiyyətlərə ikili standartlar prizmasından yanaşması təəssüf doğurur.
Sonda dini etiqad azadlığının qorunmasının qlobal məsuliyyət olduğunu deyən komitə sədri bu sahədə beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyini bildirib.
İyunun 11-də Almaniya Federal Parlamentinin tarixi Reyxstaq binasında 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb.
Bildirilib ki, tədbirdə Almaniya Bundestaqının vitse-prezidenti Bodo Ramelov, müxtəlif siyasi fraksiyaların təmsilçiləri, xarici qonaqlar və akademik dairələrin nümayəndələri çıxış ediblər.
Toplantıda müasir dövrdə qlobal çağırışların həllində əməkdaşlığın əhəmiyyəti, dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqi, sosial həmrəyliyin gücləndirilməsi, beynəlxalq təhlükəsizlik, davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq Berlin Toplantısı qlobal əhəmiyyətli siyasi, sosial və humanitar məsələlərin müzakirəsi üçün nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Yubiley toplantısında dünyanın 50-dən çox ölkəsindən parlament üzvləri, hökumət nümayəndələri, diplomatlar, alimlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, eləcə də müxtəlif din və konfessiyaların rəhbərləri iştirak edirlər.
Tədbirin məqsədi siyasi, dini və ideoloji baxışlarından asılı olmayaraq qlobal liderlər arasında açıq və konstruktiv dialoqu təşviq etmək, beynəlxalq əməkdaşlığın inkişafına və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir.
Toplantı iyunun 12-də panel müzakirələri ilə işini davam etdirir. "Din və etiqad azadlığı sahəsində artan qlobal çağırışlar" mövzusuna həsr olunmuş panel iclasda DQİDK-nın sədri Ramin Məmmədov çıxış edəcək.