Alimlər müəyyən ediblər ki, şəkərin qida rasionundan tamamilə çıxarılması bağırsaqların vəziyyətinə və maddələr mübadiləsinə mənfi təsir göstərə, həmçinin qlükoza səviyyəsinə nəzarəti pisləşdirə bilər.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "ScienceDaily" jurnalında dərc olunub.
Məlumata görə, Küveytdəki Dasman Diabet İnstitutunun tədqiqatçıları azyağlı və saxaroza (geniş yayılmış şəkər növü) tərkibli olmayan qida ilə bəslənən siçanlarda baş verən dəyişiklikləri araşdırıblar. Tədqiqat çərçivəsində bu heyvanlar nəzarət qrupu ilə müqayisə olunub.
Hər iki qrupun bədən çəkisi eyni olsa da, saxarozasız pəhrizlə qidalanan siçanlarda qlükoza səviyyəsinə nəzarətin zəiflədiyi, insulinə həssaslığın azaldığı, bağırsaq mikrobiotasının tərkibinin pozulduğu, həmçinin bağırsaq və qaraciyərdə iltihab əlamətlərinin yarandığı müəyyən edilib. Tədqiqatçılar eyni zamanda qaraciyərin piylənməsi xəstəliyinin inkişafı ilə əlaqəli dəyişiklikləri də qeydə alıblar.
Alimlər belə nəticəyə gəliblər ki, azyağlı pəhriz fonunda saxarozadan tam imtina metabolik prosesləri və bağırsaq mikroflorasının balansını poza bilər. Onların fikrincə, sağlamlığın qorunması üçün şəkərin tamamilə qida rasionundan çıxarılmasından daha çox, karbohidratların balanslı şəkildə qəbul edilməsi vacibdir.