Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda istintaqı gedən idmançı Türkiyədə basketbol oynayır - ARAŞDIRMA
Futbolda danışılmış oyunlarda ittiham olunan Amil Həmzəyev Türkiyənin İzmir şəhərində basketbol millimizlə birgə təlim-məşq toplanışında iştirak edir.
2019-cu ilin sonlarında danışılmış oyunlara görə həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılmış Həmzəyevin azadlıqda olması hələ 2020-ci ilin iyununda ictimaiyyətə bəlli olmuşdu. Həmin vaxt Amil milli komanda ilə Göygöldə təlim-məşq toplanışında iştirak edirdi.
Halbuki aprelin 1-də onun ev dustaqlığına buraxıldığına dair qərar çıxarılmışdı.
Bu ay isə məlum oldu ki, Amil hətta Azərbaycan hüdudlarından da kənara çıxaraq Türkiyəyə yollanıb. O, martın 20-dək orada əsas komanda ilə birgə olacaq.
Bəs istintaqı gedən idmançı ölkə xaricində oyunlarda iştirak edə bilərmi? Qanun buna icazə verirmi? Maraqlıdır ki, üstündən 2 il keçsə də, Amilin bu məsələdə əlinin olduğu və ya günahsız olduğuna dair yekun qərar çıxarılmayıb. Əvvəl bu məsələnin həlli pandemiya ilə əlaqədar ləngiyirdi. Bəs indi qərarın gecikməsinin səbəbi nədir?
İdmançının vəkili Zaur Niftəliyev də Oxu.Az-a açıqlamasında bildirdi ki, istintaq hələ yekunlaşmayıb və iş məhkəməyə göndərilməyib.
Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Qarayevlə də əlaqə saxladıq.
“AFFA məsələnin idman tərəfinin araşdırılması ilə məşğul olur. Bizim tərəfimizdən lazım olan material və faktlar müvafiq orqanlara təqdim edilib. Onun azadlığa buraxılması artıq hüquq-mühafizə orqanlarının işidir. Biz bu barədə fikir bildirə bilmərik”.
İdmançının özü ilə də əlaqə saxladıq. Onun fikirlərini təqdim edirik:
“Mən ev dustaqlığında cəmi 15 gün qalmışam. 2020-ci ilin aprelin 16-da ev dustaqlığı qərarı ləğv olunub. Bu səbəbdən də azadlıqda olmağımda heç bir maneə yoxdur. Ancaq bəli, istintaq işi hələ yekunlaşmayıb”.
Göründüyü kimi, bu məsələ hələ açıq olaraq qalır. Təəssüf ki, Kürdəxanı istintaq təcridxanası ilə əlaqə saxlamağımız mümkün olmadı.
Xatırladaq ki, AFFA-nın sabiq baş katibi, indiki icraçı vitse-prezidenti Elxan Məmmədov 2020-ci ilin yanvarın 8-də AFFA İcraiyyə Komitəsinin iclasından sonra mediaya digər idman növlərindən olan şəxslərin danışılmış oyunlarda iştirakının müəyyənləşdirildiyini bu formada bildirmişdi:
“Biz əvvəl də demişik. Bu, virusdur. Biz bu virusu məhv etməliyik. Bu yaxınlarda yeni adları açıqlayacağıq. Təəssüf ki, onların arasında məşhur adlar da var. Bu insanların bəziləri digər idman növlərində çalışan şəxslərdir”.
Qeyd edək ki, Amil Həmzəyev Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarında basketbolun 3x3 növündə millimizlə qızıl medal qazanıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. İstintaq orqanı onun əməlini Cinayət Məcəlləsinin 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edib.
Səbuhi Musa
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Hakimləri təhqir edən Azərbaycan klubunun məşqçisinə AĞIR CƏZA
Rəylər