Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Qarabağ” Avropa Liqası ilə vidalaşıb, Konfrans Liqası ilə yoluna davam edəcək - YENİLƏNİB +FOTO/VİDEO
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
"Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"unu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma "köhlən atlar"ın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələn alan ölkə çempionu rəqibi geri çəkilməyə məcbur edib. Görüşün əvvəlində Kvabena Ovusunun qüvvətli zərbəsindən sonra qapıçı Noah Atubolu qola mane olub. 10-cu dəqiqədə Kadi Borges fərqlənməyə yaxın olsa da, top müdafiəçilərə dəyərək meydanı tərk edib.
23-cü dəqiqədə rəqibin əks hücumu zamanı Bəhlul Mustafazadə cərimə meydançasında Kevin Şadeyə qarşı kobudluq edərək penaltiyə səbəb olub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Nils Petersen 25-ci dəqiqədə qonaqları hesabda önə keçirib.
Qoldan sonra da "Qarabağ" topa nəzarət edən tərəf olub və təzyiqi daha da artırıb. 39-cu dəqiqədə Ovusu cərimə meydançasında əlverişli şansı boşa verərək topu qapının üstündən vurub. Bundesliqa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə də "köhlən atlar" daha fəal başlayıb. 53-cü dəqiqədə baş hakim Aleksey Kulbakov rəqib qapısına penalti təyin etsə də, VAR sisteminə baxıldıqdan sonra qərarını dəyişib. Ardınca Marko Veşoviç topu qapıdan keçirsə də, növbəti dəfə eyni hal yaşanıb. 62-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Kevin Medina birbaşa qırmızı alaraq meydandan qovulub. Referi ilk olaraq sarı vərəqə versə də, VAR-a baxdıqdan sonra müdafiəçini cəzalandırıb. 71-ci dəqiqədə Ovusu qapıçı ilə təkbətək qalsa da, şansdan yararlana bilməyib. "Qarabağ" sonlara yaxın təzyiqi artırıb və 90+2-ci dəqiqədə Kvabena Ovusunun qolu ilə bərabərlik qolunu vurub.
Beləliklə, rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.
G qrupunun digər matçında "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ına 0:2 hesabı ilə yenilib. 14 xala malik "Frayburq" qrup lideri kimi 1/8 finala yüksəlib. Xallarının sayını 9-a çatdıran "Nant" Avropa Liqasında pley-offa vəsiqə qazanıb. "Qarabağ" 8 xalla üçüncü olubsa, "Olimpiakos" 2 xalla sonuncu yeri tutub.
Photostock.az oyundan görüntülər lentə alıb:
Daha çox şəkil burada: Photostock.az
23:36
"Qarabağ" Bakıda Almaniyanın "Frayburq" komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci qol vurulub.
Oxu.Az-ın məlumatına görə, 90+2-ci dəqiqədə "köhlən atlar" hesabı bərabərləşdirib -1:1.
Kvabena Ovusu qonaqları mərkəzə dəvət edib.
23:07
"Qarabağ" Bakıda Almaniyanın "Frayburq" komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda azlıqda qalıb.
Oxu.Az-ın məlumatına görə, 62-ci dəqiqədə Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Köhlən atlar" hazırda məğlub durumdadır - 0:1.
Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub.
22:54
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb.
Oxu.Az-ın məlumatına görə, "köhlən atlar" ilk hissədən sonra məğlub durumdadır - 0:1.
Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub.
22:36
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.
Oxu.Az-ın məlumatına görə, "köhlən atlar" fasiləyə məğlub yollanıblar - 0:1.
Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub.
22:13
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb.
Oxu.Az-ın məlumatına görə, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 0:1
21:47
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.
Oxu.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.
G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir.
Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
Qrupda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.
20:30
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda üz-üzə gələcək "Qarabağ" və Almaniya "Frayburq"unun start heyətləri açıqlanıb.
Oxu.Az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Frayburq": 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Kaytel, 18. Nils Peterse, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt
Baş məşqçi: Kristian Ştrayx
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
08:41
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.
“Köhlən atlar”da Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq. Qara Qarayevin qarşılaşmada iştirakı sual altındadır. Qonaqlarda zədəli Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya gətirilməyib.
Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
G qrupunda 13 xala malik “Frayburq” liderliyini təmin edib. “Qarabağ”la yanaşı 6 xalı olan “Nant”ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda “Qarabağ”ın xal itirməsini gözləyəcək.
UEFA Avropa Liqası
G qrupu
VI tur
21:45. “Qarabağ” (Azərbaycan) - “Frayburq” (Almaniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Xal durumu: “Frayburq” - 13, “Qarabağ” - 7, “Nant” - 6. “Olimpiakos” - 2.
"Abdullah Zubir" teqi üzrə xəbərlər
- Kim gəldi, kim getdi? - Premyer Liqada transfer pəncərəsi bağlanır
- "Qarabağ" Zubirlə bağlı qərarını verdi
- Fransalı futbolçu "Qarabağ"la yollarını ayıracaq?
- “Qarabağ” əzmkar mübarizədə “Bayer”ə məğlub oldu - YENİLƏNİB + VİDEO
- Azərbaycan futbolunun tarixi gecəsi: “Qarabağ” Almaniyada möcüzə axtarışında - ŞƏRH
Rəylər