Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanın “Rizin” çempionu: “Söz-söhbətdən nə qədər qaçsan da, bəzən alınmır” - MÜSAHİBƏ + FOTO
“UFC-də uğurlu ola bilərəm. ABŞ-yə hazırlıqlara gedirik. Orada heç kimdən geri qalmıram. Hətta deyərdim ki, üstün oluram. Onlar UFC-də döyüşən idmançılardır. Mən onlarla rahat işləyirəmsə, deməli, UFC-də nəsə əldə edə bilərəm”.
Bu sözləri Oxu.Az-a müsahibəsində Azərbaycanın qarışıq döyüş növləri (MMA) üzrə idmançısı Vüqar Kərəmov deyib. Bir müddət əvvəl yaponiyalı Mikuru Asakuraya qalib gələrək “Rizin” təşkilatının çempionu adını qazanan idmançı karyerası, gələcək hədəfləri ilə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Vüqar, “Rizin”in çempionu olmaq necə hissdir?
- Mənim üçün çox xoşdur. Uşaqlıqdan bu arzu ilə yaşamışam ki, hansısa böyük təşkilatın çempionu olum. Artıq 31 yaşım var. Nəhayət, mən də kəmər sahibi oldum. Dünyada sözünü deyən idmançılardan biri olduğuma görə sevincliyəm.
- Buna necə nail olduğunuza toxunacağıq. Əvvəlcə xronoloji ardıcıllıqla “Rizin” çempionluğuna qədər gəldiyiniz yola nəzər yetirək. İdmana nə vaxtdan başlamısınız?
- Uşaqlıqdan məşqlərə gedirəm. Doqquz yaşım olanda Rusiyanın paytaxtı Moskvada əlbəyaxa döyüşə başlamışam. Hələ uşaq olarkən bir sıra yarışlarda uğur qazanmışam. Orada Moskva çempionu olmuşam. Ümumilikdə, Rusiyada 12-13 birinci yerim olub. 14 yaşım olanda Azərbaycana qayıtmışam. İdmana burada davam etdim. Artıq MMA üzrə böyük yarışlara qatılmağa başladım. Üç dəfə dünya çempionu, iki dəfə Avropa çempionu olmuşam, Dünya Oyunlarının qalibi adını qazanmışam. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında uşu-sandada ikinci olmuşam.
- İlk peşəkar döyüşünüzü xatırlayırsınız?
- İlk peşəkar döyüşüm 17 yaşımda olub. Düzdür, orada məğlub olmuşdum. Amma bu, yeni başlanğıc idi. Ondan sonra səhvlərimi düzəltdim və ardıcıl bir neçə yarışda qələbə qazandım.
- Bildiyimə görə, “Bellator”a gedişinizin maraqlı tarixçəsi var.
- Bəli. 2019-cu ildə dedilər ki, “Bellator”da əvəzləyici lazımdır. 70 kq-da döyüşmək lazım idi. Bu, mənim çəkim deyildi. Amma fikirləşdim ki, “Bellator”dursa, heç bir problem yoxdur. Çünki onsuz da böyük yarışlara çıxmağı arzulayırdım. İkiəlli razılaşdım.
- Yuxarı çəkidə döyüşməklə risk etdiniz və bu, özünü doğrultdu.
- Bəli. Həmin döyüşdə təxminən iki dəqiqə yarıma rəqibə nokautla qalib gəldim. Ondan sonra bizə müqavilə təklif etdilər. Amma döyüşün yeddi-səkkiz aydan sonra veriləcəyini dedilər.
- Arada fasilə çox olduğuna görə “Rizin”ə keçdiniz?
- Həmin ərəfələrdə “Rizin”dən döyüş təklifi gəldi. O, daha tez olduğu üçün qəbul etdim. 2020-ci ilin fevralında “Rizin”də ilk döyüşümə çıxdım və qələbə qazandım.
- Həmin vaxt gələcəkdə bu təşkilatın çempionu olacağınızı fikirləşirdiniz?
- İlk döyüşümdən bilirdim ki, çempion kimdir, hansı idmançılarla döyüşəcəyəm. Çəkimin ən yaxşılarından biri sonuncu döyüşdüyüm Mikuru Asakuradır. Bilirdim ki, nə vaxtsa onunla qarşılaşacağam. Qalib gələ-gələ irəliləyirdim. Həmişə fikirləşirdim ki, nə vaxt kəmər döyüşüm olacaq? Beş döyüşdən sonra bu reallaşdı. Birinci gündən arzum bu idi ki, kəmərə çatım.
- Yəqin ki, bu döyüşə xüsusi hazırlaşmışdınız.
- Üç ay hazırlıq keçdim. Əvvəl ABŞ-yə getmişdim. Bir ay sonra Bakıya qayıdıb burada məşqləri davam etdirdim. Üstümə böyük məsuliyyət düşürdü. İlk dəfə kəmər uğrunda döyüşəcəkdim. Bunun nə demək olduğunu dərk edirdim. Həmişə məşqlərimə məsuliyyətlə yanaşmışam. Bu dəfə hazırlığı daha yaxşı edirdim. Çünki tam bu döyüşə köklənmişdim. Şükürlər olsun, bu nəticəni əldə etdik.
- Uğurlarınızı nəyə borclusunuz?
- Birinci - Allaha. Sonra müəllimimə və özümə. Səhər açılır - zaldayam, axşam olur - yenə zaldayam. Demək olar, istirahət görmürəm. Şükürlər olsun, bu da nəticəsini yarışlarda verir.
- Peşəkar karyeranızda 23 döyüşün 19-da qalib gəlmisiniz. Qələbələrdən çox danışılır. Bəs məğlub olduqlarınızdan xüsusi təsir edəni var? Kimdən qisas almaq istəyərsiniz?
- Karyeramda 2014-cü ilə qədərki üç məğlubiyyətdən sonra ardıcıl 11 qələbə olub. “Rizin”də bir döyüşdə isə mənə haqsızlıq edilib. Bütün dünya bunu görüb. Mən həmin döyüşdə qalib gəlmişdim. Amma qələbəni yaponiyalı Yukata Saitoya verdilər. O, təşkilatda çempion idi. Niyə uduzdurulduğumun səbəbini bilmirəm. Mətbuat konfransında soruşmuşdular ki, kiminlə döyüşmək istəyirsən. Cavab verdim ki, Yukata ilə döyüşmək istəyərəm. İki dəfə bu barədə bildirmişəm. Ona təklif ediblər, amma mənimlə döyüşmək istəməyib.
- Sizcə, niyə döyüşdən qaçır?
- Bilmirəm. Əslində, o, özü də bilir ki, həmin döyüşü uduzub. Amma necəsə qələbəni ona veriblər. İstəyərəm, onu udum. Amma indi kəmər sahibiyəm. O, mənimlə vuruşmaq üçün kəmər döyüşündə iştirak haqqı qazanmalıdır.
- Çempionluqdan sonra üçün hədəfiniz nədir?
- Çempion olmaq bir yana, onu qorumaq daha böyük məsuliyyətdir. Bunun üçün çalışacağam.
- Yeri gəlmişkən, “Rizin” noyabrda Bakıda döyüş gecəsi təşkil edəcək.
- Bəli, noyabrın dördündə olacaq. Böyük bir yarışdır. MMA üzrə belə bir böyük təşkilat heç vaxt Azərbaycana gəlməyib. İdman nazirliyi səviyyəsində onlarla görüş olub. Böyük bir yarış olacaq. Yaponiya, Braziliya, ABŞ, Avropa ölkələrindən idmançılar gələcəklər. Fikirləşirəm ki, insanların böyük marağı olacaq.
- Sizin döyüşünüz planlaşdırılır?
- Bəli. Kəməri müdafiə etməliyəm.
- Rəqibiniz məlumdur?
- Bəli. Amma yəqin ki, təşkilat açıqlayandan sonra mənə danışmağa icazə veriləcək.
- Hazırda “Rizin”də özünüzə bab rəqib görürsünüz?
- Heç kimi özümdən zəif görmürəm. Rinqə çıxırıqsa, deməli, eyni gücdəyik ki, bizi bir-birimizin qabağına çıxarırlar. Ona görə heç kimdən özümü güclü saymıram. Amma ürəyimdə özüm bilirəm ki, qələbə qazanacağam. Amma rəqiblərimə yuxarıdan aşağı baxmıram. MMA-dır, adi bir zərbə hər şeyi həll edə bilər.
- Kəməri müdafiə döyüşünə hazırlığınız başlayıb artıq.
- Bir həftədir, səhər-axşam məşq edirik. Sentyabrın 15-i bir aylıq ABŞ-yə gedəcəyik. Burada çəkimi salıb döyüşəcəyəm.
- Sizi karyeranızın zirvəsində hesab etmək olar?
- Deyərdim ki, bundan da yuxarıda olacağam. Fikrimcə, hələ başlanğıcdayam.
- “Bellator”da döyüşmüsünüz, “Rizin”də çempion oldunuz. Adətən, MMA ilə məşğul olan idmançıların peşəkar döyüşdə son hədd hesab olunan UFC (Ultimate Fighting Championship) hədəfi olur. Bunu sizə də aid etmək olar?
- Niyə də yox?! “Rizin”lə iki döyüşlük müqaviləm qalıb. Onlardan sonra ola bilsin ki, UFC-yə keçərəm. Təbii ki, əgər yaxşı, maraqlı təklif olsa.
- Hər hansı danışıq olub?
- Kəməri udmamışdan qabaq təklif etmişdilər. Rahatlıqla UFC-yə gedə bilərdim. Çünki dünya reytinqində elə yerdəyəm ki, UFC oradan döyüşçü götürür. Sadəcə, müqaviləm olduğuna görə hələ ki “Rizin”dən çıxa bilmərəm.
- Orada uğurlu ola bilərsiniz?
- Düşünürəm ki, UFC-də uğurlu ola bilərəm. ABŞ-yə hazırlığa gedirik. Orada 66 kq-la da, 70 kq-la da işləmişəm. Heç kimdən geri qalmıram. Hətta deyərdim ki, üstün oluram. Onlar UFC-də döyüşən idmançılardır. Mən onlarla rahat işləyirəmsə, deməli, UFC-də nəsə əldə edə bilərəm.
- İdmançıların hazırlığından danışarkən, adətən, fiziki tərəfləri qabardılır. Ancaq bunun bir də taktika hissəsi var. Taktiki hazırlığınız necə olur?
- Rəqibi dərindən öyrənirik. Müəllimim Ruslan Əfəndiyev proqram verir. Taktiki, praktiki bütün məlumatlar olur. Öyrənirəm ki, rəqib ayaq üstə necədir, güləşdə necədir. Ruslan müəllim hamısını qeyd edir. Bundan sonra döyüş üslubunu müəyyənləşdiririk.
- Fiziki nisbətən zəif olduğunuz, lakin daha çox taktika hesabına qalib gəldiyiniz döyüşünüz olub?
- Polşada belə bir döyüşüm olub. İlk raundu uduzmuşdum. Ayaq üstə işləmək planımız var idi. Bu, işləmədi. Taktikanı dəyişdik. İkinci və üçüncü raundlarda üstün olub, qalib gəldim. Ümumiyyətlə, döyüşdən əvvəl heç kimi üstün saymaq olmaz. Ancaq rinqdə rəqibin daxili gücünü bilirsən. Polşada o çətinliyi çəkəndən sonra səhvlərimin üzərində işlədim.
- Bəs özünüzü ayaq üstə, yoxsa parterdə daha güclü hesab edirsiniz? Son döyüşlərdə sanki güləşə daha çox üstünlük vermisiniz.
- Mən hərtərəfli idmançıyam. Döyüşlərim olub ki, ayaq üstə nokaut etmişəm. Bəzilərində güləşdə qalib gəlmişəm, bəzilərində xal hesabı udmuşam. Mənim üçün fərqi yoxdur. Sadəcə, rəqib səhv edirsə, ondan istifadə edirəm. Mən də səhv etsəm, onlar bundan yararlanarlar. Bunun üzərində çox işləmirəm. Mənim üçün xüsusi fərqi yoxdur.
- Döyüş həvəskarları rinqdə, oktaqonda maraqlı mübarizə görmək istəyirlər. Sizin üçün gözəllik nə dərəcədə əhəmiyyətlidir?
- Mənim üçün nəticə vacibdir. Əgər rəqibim ayaq üstə yaxşıdırsa, bunu bilirəmsə, onun zəif yerini axtarmalıyam. Güləşdə zəifdirsə, ondan istifadə etməliyəm. Mənə qələbə lazımdır. Rinqdə şou həvəskarı deyiləm. Mənə lazımdır ki, çıxım, döyüşü udum, əlimi qaldırsınlar, kəmərimi götürüm və qayıdım.
- Sizinlə bir zalda məşq edən gənc idmançıları gördük. Təcrübəli döyüşçü kimi gələcəyə proqnozunuz nədir? Sizin kimi, digər tanınmış idmançılarımız kimi ola bilərlər?
- İnşallah, olarlar. Çox həvəslidirlər. Yaxşı idmançılar, məşqçilərlə məşq edirlər. Məsləhət görərdim ki, həvəsdən düşməsinlər, davam etsinlər. Düşünürəm ki, bizdən yuxarı nəticə verə bilərlər.
- Rinq sərt yerdir. Bu, adi həyatınıza necə təsir edir?
- Bizim elə istirahətimiz də idman istirahəti olur. Futbol oynayırıq, qaçırıq, arada zarafatca dalaşırıq (gülür - red.). Kollektivimiz də mehribandır. Döyüş elə bizim üçün həyat tərzidir.
- Döyüş bacarıqlarınız heç rinqdən kənarda köməyinizə çatıb?
- Yüz faiz (gülür - red.) Söz-söhbətdən nə qədər qaçsan da, bəzən alınmır. Döyüşməyi bacarmaq hər yerdə köməyə çatır.
- Yəqin ki, döyüş meydanından kənarda da daha çox siz üstün olursunuz.
- Səhərdən axşama qədər zaldayam. Sizcə, necə ola bilər? (gülür - red).
- Aydındır. Bütün döyüşlərinizdə uğurlar!
- Çox sağ olun!
Daha çox foto burada: PhotoStock.az
Faiq Tahirov
"Braziliya" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- DÇ-2026: Braziliya - Uruqvay görüşündə qalib müəyyənləşməyib
- Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
- Ursula fon der Lyayendən G20 sammitində ədəbsiz hərəkət
- 82 ölkə aclıq və yoxsulluqla mübarizə üçün birləşdi
Rəylər