ABŞ Konqresinin Nümayəndələr Palatası Xüsusi prokuror Robert Müllerin “Rusiya işi” üzrə apardığı təhqiqatda gizlədilən materiallara çıxış əldə edəcək.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, məhkəmə ABŞ Ədliyyə Nazirliyindən tələb edib ki, sənədlər konqresmenlərə verilsin.
Demokratlar xüsusi prokurorun hesabatındakı məlumatlardan ABŞ Prezidenti Donald Trampın impiçmenti prosedurunda istifadə etmək niyyətindədirlər.
Ədliyyə Nazirliyi oktyabrın 30-dək Nümayəndələr Palatasının Hüquq Komitəsinə bütün hesabatları təqdim etməlidir.
Xatırladaq ki, Xüsusi prokuror Robert Müller 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran istintaqa rəhbərlik edib.
İstintaqın nəticələri 2019-cu ilin mart ayında təqdim olunub. Xüsusi prokuror Ağ Ev rəhbəri Trampa qarşı yeni ittiham irəli sürməyib.
Lakin Trampın prezidentlik müddəti bitdikdən sonra onun cinayət məsuliyyətinə cəlb edilə bilmək ehtimalları var.
Aqşin Kərimov
Rəylər