Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyənin müdafiə naziri: “Ermənilərə qarşı soyqırım olmayıb” - VİDEO
İraqın şimalında keçirilən “Pənçə-Şimşək” və “Pənçə-İldırım” əməliyyatları ilə əlaqədar mətbuat nümayəndələri qarşısında çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar qondarma “erməni soyqırımı”na dair açıqlama verib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
“Ermənilərə qarşı soyqırım olmayıb. Bu, tarixdə açıq və dəqiq şəkildə yazılıb. Siyasətçilər tarixçi ola bilməz. Tarixi məlumatlar, sənədlər, şahidlərin ifadələri və aparılan araşdırmaların hamısı çox aydın və dəqiq şəkildə 1915-ci ildə belə bir hadisənin baş vermədiyini təsdiqləyir”, - deyə H. Akar vurğulayıb.
Türkiyənin milli müdafiə naziri söyləyib ki, Amerikalıların NARA adlı milli arxivləri var və orada bu məsələ ilə bağlı xeyli sənəd var:
“Amerikalılar, ingilislər 1914-1915-ci və 1920-ci illərdə bununla bağlı hesabatlar hazırlayıblar. O sənədlərdə çox açıq və dəqiq şəkildə yazırlar ki, türklər və ermənilər 500 ildir bərabər yaşayırlar, əgər biz qarışmasaq, bu nizamı pozmasaq 500 il daha bərabər yaşayarlar. Həmin hesabat hər kəs üçün açıqdır. Hadisələri təhrif edəcəklərini düşünənlər yanılırlar. Bunu etmək ancaq nadanlıq və cəhalətdir”.
Hulusu Akar əlavə edib ki, onun ölkəsi təkcə terror təşkilatlarına qarşı yox, Türkiyəyə və türk millətinə yönəlmiş hər cür təhdidə qarşı mübarizə aparır:
“Terrorçulara qarşı Suriyanın və İraqın şimalında əməliyyatlarımızı davam etdiririk. Dost və qardaş ölkələr olan Azərbaycan və Liviyanın yanında olmağa çalışırıq”.
Rəylər