Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
"Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində son illərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.
O bildirib ki, hesabat ilində elektroenergetika sahəsində infrastrukturun modernizasiyası, enerji təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji sisteminə yeni generasiya güclərinin daxil edilməsi, habelə yaşıl enerjinin tətbiqi istiqamətində tədbirlər davam etdirilmişdir:
"2024-cü ildə enerji istehsalı 28,4 mlrd. kVts təşkil etmiş, istehlak həcmi isə 24.2 mlrd. kVt/saata yüksəlib. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə imzalanmış müqavilə çərçivəsində 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarının və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasının 2024-cü ildə təməli qoyulub".
"Digər xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hər biri 240 MVt-lıq Şəfəq günəş və Xızı-Abşeron külək elektrik stansiyalarının tikintisi davam etdirilir", - hökumət başçısı deyib.
Onun sözlərinə görə, COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi yaradılıb və enerji sahəsində xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr üzrə beynəlxalq sazişlər imzalanıb:
"Prezidentin tapşırığı ilə hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir. Hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabərdir".
"Hesabat ili ərzində 29.1 milyon ton neft, 50.6 milyard kubmetr qaz hasil edilmişdir. Neftin 24.4 milyon tonu, qazın isə 25.5 milyard kubmetri ixrac edilib. 2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln. ton olub. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil edib. Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilib, xəttin illik yükaşırma həcmi 1 mln. tondan 5 mln. tona çatdırılıb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən ölkələr ilə sıx əməkdaşlıq nəticəsində dəhlizin ötürmə qabiliyyətinin artırılması istiqamətində artıq konkret işlərə başlanılıb", - Əli Əsədov vurğulayıb.
Hökumət başçısı əlavə edib ki, ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib:
"İl ərzində ölkə üzrə 460 km, o cümlədən regionlarda 376 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, 470 km dəmir yolu xətti yenidən qurulub, 168 dəmir yolu tuneli və ya körpüsü tikilib və ya əsaslı təmir olunub".
Mərahim Nəsib
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Qarabağda qəbiristanlıqlar üçün torpaq AYRILIB
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib