Şərur Peşə Liseyində fərqli nəsilləri birləşdirən maraqlı bir mənzərə var. Səhərlər eyni evdən çıxan nənə və nəvə eyni təhsil müəssisəsinə üz tuturlar. Onlardan biri illərdir ailəsi üçün hazırladığı yeməkləri peşəkar səviyyədə bişirməyi öyrənmək, digəri isə ailə ənənəsini davam etdirərək elektrik peşəsinə yiyələnmək istəyir.
Oxu.Az xəbər verir ki, "Azərbaycan müəllimi" eyni liseydə fərqli ixtisaslar üzrə təhsil alan 63 yaşlı nənə və 16 yaşlı nəvə ilə söhbətləşib.

"Babam və atam elektrik olduqları üçün mən də bu peşəyə yiyələnmək istədim"
Liseyin "Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis" ixtisasında təhsil alan tələbə bu ixtisası seçməsində ailəsinin mühüm rol oynadığını deyir:
"Babam və atam elektrik olduqları üçün mən də bu peşəyə yiyələnmək istədim", - deyən İlqar İsmayılov 2010-cu ildə Şərur rayonunda anadan olub.

Nənəsinin də onunla eyni liseydə təhsil aldığını eşidəndə çox sevindiyini söyləyən İlqar üçün bu, həm də ailə üzvü ilə yeni bir təcrübəni bölüşmək deməkdir:
"Nənəmlə bir yerdə təhsil almağıma çox şad oldum. Bir evdən iki nəfərin, həm nənəmin, həm də mənim eyni liseyə getməyimiz çox gözəl hissdir".

İlqar deyir ki, liseydə dostlarının nənəsinin də burada oxumasına təəccübləndiyi hallar olub. Evdə isə onların söhbətləri əsasən seçdikləri ixtisaslar, dərslərdə öyrəndikləri yeniliklər və gündəlik təcrübələri ətrafında olur:
"Evdə ixtisaslarımız haqqında danışırıq, çox gözəl söhbətlərimiz olur, xoş məqamlar yaşayırıq. Bəzən bir-birimizin ixtisası ilə maraqlanırıq".
Nəvəsi nənəsinin yenidən təhsil almaq qərarını da müsbət qarşılayır:
"Yaşına baxmadan, nənəm təhsilin əhəmiyyətini anlayır və onu davam etdirir. Elə günlər olur ki, dərsə getmək istəməyəndə məni həvəsləndirir. Demək olar ki, çox vaxt o, mənə stimul verir".
İlqar elektrik peşəsi üzrə təhsilini davam etdirmək istəyir. Nənəsi ilə eyni məktəbdə oxumağın onun üçün ən gözəl tərəfi isə birlikdə gedib-gəlmək və birgə təhsil almaqdır.
"Fəxr edirəm ki, nənə-nəvə birlikdə təhsil alırıq"
Nənə isə nəvəsindən fərqli olaraq, həyatının bu mərhələsində yeni bir peşə öyrənmək qərarına gəlib.

Elza İsmayılova Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1963-cü il təvəllüdlü müsahibimizin üç övladı və altı nəvəsi var. İndiyədək heç bir yerdə işləməyib, hazırda isə Şərur rayonunda yaşayır.
Aşpazlıq ixtisasını seçməsi təsadüfi deyil. Yemək bişirməyə əvvəldən marağı olduğunu deyən nənə peşə liseyinə gəldikdən sonra bu marağın daha da artdığını söyləyir:
"Əvvəldən yemək bişirməyə meylim var idi. Bura gəlib-getdikcə marağım daha da artdı. İstədim ki, yaxşı yeməklər hazırlayım. Burada oxuduqca öyrəndim ki, bu işin öz qaydaları, bilməli olduğum çox şey var".
Elza nənə söyləyir ki, illərlə evdə yemək hazırlamaq təcrübəsi olsa da, peşə təhsili ona yeni biliklər qazandırıb. Ailə üçün bişirilən yeməklərlə peşəkar aşpazlıq arasında fərqə gəlincə, "evdə hər şey daha sadə idi", - deyir.
"Burada isə daha yaxşı öyrəndim. Kitablardan da öyrənirəm, qazandığım biliklər çoxdur", - deyə Elza nənə bildirib.
Peşə təhsili almaq qərarını isə ailəsi müsbət qarşılayıb. Nənə bu addımın onun üçün yeni imkanlar yaradacağını düşünür: "Bu yaşımda da öyrənmək istəyirəm. Bəlkə, bundan sonra hansısa iş yerində işləyə bilərəm".

O, nəvəsi ilə eyni liseydə təhsil almasına görə isə çox sevinir:
"Nəvəmlə eyni liseydə oxumaq çox yaxşıdır. Fəxr edirəm ki, nənə-nəvə birlikdə təhsil alırıq. Nəvəm öz ixtisası, mən də aşpazlıq barədə danışıram. Hansı işləri gördüyümüzü, nə öyrəndiyimizi bir-birimizə söyləyirik. Evdə bu barədə söhbətlər edirik. Hətta bir iş görmək lazım olanda, zarafat da edirik ki, mən də oxuyuram, dərsdən gəlmişəm yorğunam, sən gör".
Maraqlıdır ki, onlar bir-birlərinə dəstək olur, öyrənmək həvəslərini artırırlar. Elza İsmayılova üçün yaş yeni peşə öyrənməyə maneə deyil. Əksinə, o, təhsil almaqdan məmnundur və bu imkandan yararlanmağı başqalarına da tövsiyə edir:
"Yox, yaşım mənim üçün maneə deyil. Oxumaqdan çox xoşum gəlir. Təhsil almağa yenidən başlamaq istəyən yaşıdlarıma deyərdim ki, gəlsinlər, bu peşəni öyrənsinlər. Bu, yaxşı şeydir. Hər yaşda öyrənmək maraqlı və gözəldir".
Gələcək planlarına gəlincə, nənə aşpazlıq sahəsində özünü inkişaf etdirmək, öyrəndiklərini tətbiq etmək və işləmək istəyir. Onun arzusu peşə məktəbində qazandığı biliklərlə yaxşı yeməklər hazırlamaq, gələcəkdə iş taparaq bu sahədə fəaliyyət göstərməkdir.
Liseydə birlikdə təhsil almaq, yeni insanlarla ünsiyyət qurmaq da onun üçün gözəl xatirədir.

Eyni evdən çıxaraq fərqli ixtisaslar üzrə təhsil alan nənə və nəvənin hekayəsi göstərir ki, peşə öyrənmək üçün yaş fərqi əngəl deyil. İlqar ailəsindəki elektrik ənənəsini davam etdirmək, nənəsi isə illərdir maraq göstərdiyi aşpazlıq sahəsində biliklərini artırmaq istəyir. Onları birləşdirən isə öyrənmək həvəsi, gələcəyə dair planları və bir-birlərinə verdikləri dəstəkdir.