ABŞ və Avropa Ukrayna üçün yeni sülh planı hazırlayır.
Oxu.Az-ın "The Washington Post" nəşrinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar və Avropa dövlətləri ərazi güzəştləri müqabilində həm Kiyevə, həm də Moskvaya maliyyə üstünlükləri vəd edən ortaq təklifə doğru irəliləyirlər.
Məqalədə qeyd olunur ki, diplomatlar münaqişəni birbaşa həll etmək mümkün olmadıqda, tərəflərə onun başa çatdırılması üçün daha cəlbedici şərtlər təklif etmək niyyətindədirlər.
Hazırlanan paket dörd əsas hissədən ibarətdir. Birinci mərhələ Ukraynanın bərpasını nəzərdə tutur: Dünya Bankı və "BlackRock" şirkəti həlak olanların və yaralananların ailələrinə təzminat da daxil olmaqla, Kiyevin ehtiyaclarını qarşılayacaq xüsusi mexanizm qurmaq istəyir. Kiyevdən artıq müvafiq xərclər smetası tələb olunub.
İkinci hissə təhlükəsizlik zəmanətləridir. Ukraynaya ölkəyə ediləcək istənilən hücuma qarşı NATO-nun 5-ci maddəsinə bənzər hərbi cavab vəd edilir.
Üçüncü hissə iqtisadiyyatla bağlıdır: Rusiya neftinin və qazının Avropaya nəqli üçün boru kəmərinin fəaliyyəti, gəlirlərin Moskva və Kiyev arasında bölüşdürülməsi, eləcə də sanksiyaların ləğvi barədə müzakirələr planlaşdırılır.
Dördüncü bənd isə mövcud təmas xətti boyunca atəşkəsin təmin olunmasını əhatə edir.