Ermənilər 877 nəfər azərbaycanlı əsir-girovu gizlədirlər.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqovun bildirdiyinə görə, 1 iyul 2013-cü il tarixə olan məlumata əsasən, 4033 nəfər azərbaycanlı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır.
Onlardan 46-sı uşaq, 255-i qadın, 353-ü qocalardır.
İtkin düşmüş 4033 nəfərdən 877 nəfərinin (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir-girov götürülməsi, işğal edilmiş ərazilərdə sağ-salamat qalması lakin ermənilərin bunu danması barədə Dövlət Komissiyasında konkret faktlar var.
Münaqişənin başlandığı vaxtdan bu günə kimi 1402 nəfər əsir-girovluqdan azad edilib.
Hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri, Fərəcov Firuz Mirzə oğludur.
Azərbaycanda isə 5 nəfərdən ibarət bir erməni ailəsi saxlanılır. Bu ailənin başçısı Gevorkyan Yeqişe Petroviş 10 yanvar 2010-cu il tarixdə ailə üzvləri (3 uşaq və həyat yoldaşı) ilə birlikdə xarici ölkələrdən birinə getmək məqsədilə idarə etdiyi maşınla Azərbaycan ərazisinə keçib. Ermənistana qayıtmaqdan imtina edir.