"2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782.4 milyon manat və ya 10.9% artımla nəzərdə tutulub. Bunun 81.2%-i və ya 635.6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür".
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Qeyd edək ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9.2% səviyyəsində olması, orta pensiyanın məbləğinin yenə də 9.2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulub", - deyə nazir əlavə edib.
Samir Əli