"Çox qısa bir müddətdə Qarabağ və Şərqi Zəngəzur sıfır karbon emissiyası olan bir regiona dönəcək".
Oxu.Az-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, hazırda "Azərişıq" ASC-nin Qarabağda yerləşən bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri var:
"Biz COP29-da elan etmişdik ki, artıq Qarabağ və Şərqi Zəngəzur 100 faiz yaşıl enerji ilə təmin ediləcək. Hazırda "Azərişıq" ASC-nin bütün yarımstansiyalarının dam örtüyündə günəş panelləri var. Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun bütün hissələrində yaşıl texnologiyalardan istifadə olunur".
Qarabağ və Şərqi Zəngəzurda görülən işlər zamanı uzunmüddətli hədəflərə fokuslanıldığını vurğulayan Araz Məmmədzadə qeyd edib ki, çox qısa müddətdə sözügedən regionlar sıfır karbon emissiyaya malik bir regiona çevriləcək:
"Gələcək planlara dair cari işlərimiz davam etdirilir. 2027-2030-cu illərə qədər müəyyən edilmiş hədəflər və öhdəliklərimiz var. Biz qısa müddətdə Qarabağ və Şərqi Zəngəzuru sıfır karbon emissiyası olan bir regiona çevirə biləcəyik".
Aygün Mirakif